Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan iyulun 17-20-də Səudiyyə Ərəbistanı, Qətər, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) və Şimali Kipr Türk Respublikasına (ŞKTC) rəsmi səfər edəcək.

İqtisadiyyat.az xəbər verir ki, Türkiyə Prezident Ofisinin Kommunikasiya Şöbəsindən verilən açıqlamaya görə, Səudiyyə Ərəbistanı, Qətər və Birləşmiş Ərəb Əmirliklərində keçiriləcək görüşlərdə sözügedən ölkələrlə ikitərəfli əlaqələr bütün aspektlərdə nəzərdən keçiriləcək, bu sahədə həyata keçiriləcək işlər müxtəlif sektorlar, xüsusilə iqtisadiyyat və investisiya sahələrində layihələr müzakirə olunacaq, qlobal və regional problemlər ətrafında fikir mübadiləsi aparılacaq.

Bu ölkələrdəki təmaslardan sonra prezident Ərdoğan Sülh və Azadlıq Günü münasibətilə iyulun 20-də ŞKTC-yə səfər edəcək.

ŞKTC-də keçiriləcək rəsmi mərasimə qatılacaq Ərdoğan, ölkənin prezidenti Ersin Tatar ilə Kipr məsələsi, eləcə də ikitərəfli əlaqələr kontekstində son hadisələrlə bağlı fikir mübadiləsi aparacaq, yeni terminal binası və uçuş-enmə zolağının açılışını edəcək.