"Tesla" və "SpaceX"in baş direktoru Elon Mask LVMH lüks mallar qrupunun prezidenti, fransız iş insanı Bernard Arnonu geridə qoyaraq, yenidən “dünyanın ən varlı adamı” adını qazanıb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə statistikanı “Forbes” jurnalı yayıb. 

Jurnalın dünyanın ən varlı adamları siyahısına əsasən, Maskın sərvəti 1,75 faiz artaraq 240,7 milyard dollara çatıb. 

Bildirilib ki, artım "Tesla" səhmlərinin 2,5 faizdən çox bahalaşması ilə əlaqədar olub.

Louis Vuitton, Christian Dior və Tiffany şirkətlərinin sahibi olan lüks mallar nəhəngi LVMH-nin sədri Arnaultun sərvəti isə 1 faizdən çox azalaraq 234,9 milyard dollara düşüb.

Beləliklə, Mask Arnonu geridə qoyub və dünyanın ən varlı adamları siyahısında birinci yeri tutub.

Amazonun qurucusu və bir müddət dünyanın ən varlı adamı olan Ceff Bezos 151,9 milyard dollar sərvəti ilə üçüncüdür.

Bezosu 148,1 milyard dollarla "Oracle"ın qurucusu və keçmiş baş icraçı direktoru Larri Ellison, 120,6 milyard dollarla Microsoft-un qurucusu Bill Qeyts və 117,3 milyard dollarla "Berkshire Hathaway" şirkətinin rəhbəri Uorren Baffet izləyir.