Əlcəzairin müxtəlif şəhərlərində davam edən meşə yanğınlarında 15 nəfərin həyatını itirdiyi, 26 nəfərin isə yaralandığı bildirilib.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Əlcəzair Daxili İşlər Nazirliyindən açıqlama verilib.

Açıqlamada, dünən gecə saatlarından etibarən 16 şəhərdə 97 fərqli nöqtədə meşə və əkinçilik sahələrində yanğınların başladığı, yanğınların bir hissəsinin kəndlərə də keçdiyi bildirilib.

Qeyd olunub ki, sözügedən yanğınlarda indiyədək 15 nəfər ölüb, 26 nəfər yaralanıb, 500 nəfər təxliyə edilib. Açıqlamada Bumerdas, Buveyra, Tizi Vizu, Bejaia, Jijel və Skikda kimi sahil şəhərlərində meşə yanğınlarının davam etdiyi, bütün vasitələr səfərbər edilərək yanğınsöndürmə işlərinin davam etdiyi bildirilib.

Ölkənin Meteorologiya İnstitutu dünən cari isti dalğası ilə bağlı həyəcan səviyyəsini narıncıdan qırmızıya yüksəldib və havanın temperaturunun 48 dərəcəni keçdiyi ağır iqlim şəraitinin yaşandığını açıqlayıb.

Təxminən bir aya yaxındır ki, ölkədə rekord temperatur müşahidə olunur, istilik paytaxtda 48 dərəcəyə, digər bölgələrdə isə 50 dərəcəyə çatıb.