“Laçında baş verən hadisələr öncədən planlaşdırılmış təxribatdır. Bilirik ki, son zamanlar Ermənistanın siyasi və hərbi hakimiyyətində müharibə, təxribat ritorikası hiss edilməkdə idi. Nəticə dünən ortaya çıxmış oldu. Ermənistan hərbi siyasi rəhbərliyinin birbaşa dəstəklədiyi təxribat baş verdi”.

Bu sözləri İqtisadiyyat.az-a açıqlamasında politoloq Samir Hümmətov deyib. O bildirib ki, Ermənistan-Azərbaycan şərti dövlət sərhəddində törədilən təxribat nəticəsində 3 hərbi qulluqçumuz şəhid oldu. Azərbaycan düşmənin cavabını layiqincə verdi, hər halda bu bir itkidir:

 

 

“Bu təxribat təkcə Ermənistanın maraqlarına xidmət etmir. Hansı dövlətlərin regionda maraqları varsa, bu təxribatda da maraqlıdırlar. Çünki bölgədə təhlükəsizlik nə qədər çox pozulsa, onların Ermənistana təsir imkanları da bir o qədər əllərində olur. Ermənistandan bir piyada kimi istifadə edirlər. Ermənistanın kənar qüvvələrə, kənar güclərə meydan verməsi, əslində onun hansı siyasi xətt yürütdüyünü göstərir. Ermənistandan fərqli olaraq Azərbaycan tərəfi mütəmadi şəkildə bu cür təxribatların olmaması üçün bütün siyasi yollardan istifadə edir. Baxmayaraq ki, Ermənistan bunu daim pozur”.

Politoloq son olaraq qeyd edib ki, Ermənistan hələ də revanşist meyillərindən əl çəkmək niyyətində deyil. Bu, siyasi proseslərə mənfi təsir göstərəcək və gələcəkdə ciddi fəsadları olacaq.

Cavidan Mirzəzadə / İqtisadiyyat.az