Avro-2024-ün seçmə mərhələsində keçirilən Azərbaycan - Belçika oyunundan (0:1) sonra millimizin baş məşqçisi Canni De Byazi jurnalistlərin suallarını cavablandırıb.

İqtisadiyyat.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bildirib:

- Ağır oyun oldu. 90 dəqiqə ərzində ağıllı oyun göstərdik. Çox şeyi hələ də inkişaf etdirməli, topla rahat oynamalıyıq. İlk hissədə imkanlardan yararlana bilmədik. Fürsətləri dəyərləndirməliyik. Komanda yaxşı oyun göstərdi, daha artığına layiq idik. Matçdan sonra federasiya prezidenti uşaqlarla görüşdü və onlardan razı qaldığını bildirdi. Bu, sevindirici haldır.

- Əvəzetmədən meydana çıxan futbolçular sanki oyunu gücləndirmədi. Siz necə düşünürsüz?

- Düşünürəm ki, uşaqlar işlərini gördülər. Meydanı tərk edənlər yorulduqları üçün çıxdılar. Ümumilikdə, bütün futbolçular xoşuma gəldi. Futbolçular bilir ki, belə templi oyuna qoşulmaq asan deyil.

- Amin Seydiyev nə üçün heyətdən kənarda qaldı?

- Bizimlədir, lakin bu gün oynamadı. Rəqib fiziki cəhətdən güclü komandadır, ona görə Amin kənarda qaldı. Rahil təcrübəli oyunçudur. Bu mövsüm bütün matçlarda meydana çıxıb. Bu gün onun təcrübəsinə ehtiyacımız var idi?

- Belçika dominantlıq etdi, lakin şanslar yarada bildik. Nə qədər təcrübə lazımdır ki, belə rəqibləri məğlub edə bilək?

- Yerində olsaydım, belə oyun gördüyüm üçün sevinərdim. Müsbət məqamlar var, düzgün yoldayıq. Avstriya və İsveçlə səfər matçında rəqibdən çox geri qalmadıq. Lakin fərdi səhvlər baha başa gəldi. Nəsə əldə etmək istəyirsənsə, belə təcrübələrdən keçməlisən. Güclü rəqiblərə qarşı oynayacağıq.