“2022-ci ildə Azərbaycan ərazisində 49 min evin, 94 min mənzilin mülkiyyət hüququ təsdiqlənib”.

İqtisadiyyat.az xəbər verir ki, bu sözləri tikinti subyektləri arasında vahid müqavilə formalarının tətbiqi və bu sahədə mübahisələrin mediasiya vasitəsilə həllinə dair keçirilən mətbuat konfransında çıxış edən Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin sədri Zahid Oruc deyib.

O qeyd edib ki, son 10 il ərzində təkrar qeydiyyat göstəricilərinin sayı 4.5 dəfə artıb:

“Əmlak Məsələləri Dövlət Xidmətinin məlumatlarına görə, daşınmaz əmlak üzərində aparılmış dövlət qeydiyyatının 15.3%-i ilkin qeydiyyat, 84.7%-i isə təkrar qeydiyyat olub. Son 10 il ərzində təkrar qeydiyyat göstəricilərinin sayı 4.5 dəfə artarkən, ilkin qeydiyyat göstəriciləri 2.9 dəfə olub. Daşınmaz əmlakın qeydiyyatı problemi prezident İlham Əliyevin daimi diqqət mərkəzində olub. 2011-ci Bakı şəhər icra hakimiyyətində müşavirə keçirilib, bir sıra sərəncamlar imzalanıb, həmçinin daşınmaz əmlakın dövlət reyestri  haqda yeni qanun qəbul olunub. 

İqtisadiyyat nazirliyinin məlumatına görə, həmin qərarlardan sonra 100 minə qədər ev və mənzil hüquqi aktla təmin olunub”.

Qeyd edək ki, konfrans Kiçik və Orta Biznesin İnkişafı Agentliyi, Sosial Tədqiqatlar Mərkəzi, Mediasiya Şurası və Azərbaycan Tikinti İstehsalçıları Assosiasiyasının birgə təşkilatçılığı ilə keçirilir.

Gülşən Şərif