Bu gün Azərbaycanın daha iki sərbəst güləşçisi Serbiyanın paytaxtı Belqradda keçirilən dünya çempionatında mübarizəyə başlayacaq.

İqtisadiyyat.az-ın məlumatına görə, 65 kq çəki dərəcəsində çıxış edən üçqat dünya və üçqat Avropa çempionu Hacı Əliyev təsnifat mərhələsində Çin təmsilçisi Şauhua Yuanla üz-üzə gələcək.

97 kq-da Maqomedxan Maqomedov 1/16 finalda serbiyalı Strahinya Despiçin müqavimətini qırmağa çalışacaq.

Qadın güləşçilərdən isə Alyona Kolesnik xalça üzərinə çıxacaq. 59 kq-da yer alan idmançı 1/8 finalda Bolortuya Xurelxuu (Monqolustan)/Kristina Sazikina (Belarus, neytral status) cütünün qalibi ilə görüşək.

Bu gün həmçinin daha üç sərbəst güləşçi medal qarşılaşmasına çıxacaq. 92 kq-dakı Osman Nurmaqomedov finalda qazaxıstanlı Rizabek Aytmuxanla güləşəcək. 74 kq-da Turan Bayramov və 79 kq-da Orxan Abbasov bürünc medal uğrunda güləşəcəklər. Onların rəqibləri təsəlliverici duellərdən sonra bəlli olacaq. Bayramov Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya da əldə edə bilər.

Qeyd edək ki, dünya çempionatı sentyabrın 24-də başa çatacaq.