Den Syaopinin (Deng Xiaoping ) 1978-ci ildə həyata keçirdiyi islahatlar Çinə iqtisadi güc əldə etməyə imkan verib. İndi Si Tsinpin (Xi Jinping) ölkəni siyasi və texnoloji cəhətdən güclü dövlətə çevirmək üçün dövlətə nəzarəti bərpa etmək istəyir. Lakin onun özəl sektorla bağlı siyasəti “məntiqli deyil”, çünki sözdə hökumət özəl sektoru dəstəkləyir, əslində isə daha sərt tənzimləyici normalar tətbiq edir. Bu da Çin ictimaiyyəti tərəfindən gözlənilməz tənqidi hücumların səbəbi olub. FED.az xəbər verir ki, bu barədə “Bloomberg” agentliyinin redaksiya məqaləsində deyilir.

Fred Hu (Fred Hu) təbiətşünaslıq müəllimi Çin həbsxanasına aparılarkən onun gözlərində donub qalan dəhşəti heç vaxt unutmayacaq. Həmin hadisə Mao Sedunun (Mao Zedong) Mədəni inqilab dövrünə təsadüf edib. Onda 12 yaşı olan Hunun kənddəki yoxsulluqdan canını qurtarıb, jurnalist və ya müəllim olmaq arzusu imkansız görünürdü.

Ancaq iki il sonra bu arzusunu yerinə yetirmək üçün onda ümid yaranıb.1977-ci ildə yeni lider Den Syaopin universitetlərə qəbul imtahanlarını geri qaytarmaqla bütün gənclərə tələbə adı uğrunda mübarizə aparmaq fürsəti verib.

“İlk dəfə qarşımızda dəqiq yol açılmışdı, - Sinxua və Harvard universitetlərində magistr dərəcəsi alan, Beynəlxalq Valyuta Fondunda (BVF) çalışan, “Goldman Sachs Group”-un Çin şöbəsinə rəhbərlik edən və Pekində birbaşa investisiya fondu “Primavera Capital Group”-u təsis edən Hu deyir. – Təşviş arxada qalmışdı.Yeni dövr başlayırdı”.

Növbəti illərdə Hu və yüz milyonlarla başqa ölkə vətəndaşı kəndlərdən çıxıb, böyük şəhərlərdə öz şirkətlərini qurublar, ya da Çini dünyanın ən böyük ikinci iqtisadiyyatına çevrilməsinə imkan yaradan fabrik və zavodlarda işləməyə başlayıblar. Denin rəsmi olaraq düz 40 il öncə dekabrın 18-i başlayan islahatları bəşəriyyət tarixində ən böyük zənginləşmə hadisələrindən birinin əsasını təşkil edib, 700 milyon insanın yoxsulluq səviyyəsindən çıxmasına kömək edib.

Lakin bu dəyişikliklər bir çox problemin toxumunu əkib. Və Çin bu gün həmin problemlərlə üzləşir. 1993-cü ildə Syan Semin (Jiang Zemin) və Hu Dzintaonun (Hu Jintao) başçılığı altında “nəyin bahasına olursa olsun artım” iyirmi il ərzində ona gətirib çıxarıb ki, Çin vətəndaşları çirklənmiş çaylar, smoqlu hava və böyük borclarla baş-başa qalıb. Həmin vaxt Çin artıq dünya iqtisadiyyatında möhkəmcə yer eləmişdi. Ölkə 2001-ci il Ümumdünya Ticarət Təşkilatına (ÜTT) daxil olduqdan sonra bu tendensiya daha da güclənib.

Si Tsinpin 2013-cü ildə hakimiyyətə gələndə çoxları onun da Den kimi islahatçı olacağına ümid edirdi. Əgər Den bazar islahatlarının Çini zəngin ölkəyə çevirməsini istəyirdisə, Si öz ölkəsini siyasi və texnoloji cəhətdən böyük dövlətə çevirmək üçün dövlətə nəzarəti bərpa edib.

“İqtisadi baxımdan Sinin əsas məqsədlərindən biri Den Syaopinin islahat dövrünə faktiki olaraq son qoymaq olub”, - “Gavekal Dragonomics” analitika şirkətinin təsisçi-tərəfdaşı, icraçı direktoru Artur Kreber (Arthur Kroeber) deyir. Den və bir sonrakı liderlər iqtisadiyyatda özəl biznesin rolunu möhkəmlədib, dövlətin rolunu azaltmağa çalışırdılarsa, görünür, Si hazırda düzgün balansın müəyyənləşdirildiyini hesab edir.

Çin gizlənib, münasib məqamı gözləməlidir. Denin bu məsləhətinə məhəl qoymayan Si ABŞ prezidenti Donald Tramp (Donald Trump) və başqa dünya liderləri ilə açıq mübahisəyə girişib. Onlar Pekinin uzun müddət xarici şirkətlərin Çin bazarında fəaliyyətinə mane olmasından narazıdırlar. Çini tənqid edənlərin fikrincə, hazırda texnologiya və ticarət sahəsində qlobal dominantlığa iddialı olan yerli şirkətlər dövlət subsidiyaları və ucuz borclar sayəsində ayağa qalxıblar. Həmin müddət ərzində isə Pekin onları xarici rəqiblərindən müdafiə edib.

Bu qarşıdurma Sinin bir neçə siyasi müvəffəqiyyətsizliyinin və Çin ictimaiyyəti tərəfindən gözlənilməz tənqidi hücumların səbəbi olub. Denin oğlu da oktyabrda baş tutan çıxışı zamanı üstü örtülü eyham vurub, Çin hökumətini “ağlını qoruyub saxlamağa” və “öz yerini bilməyə” çağırıb.

Bu qarşıdurma Çin üçün çox kritik bir məqamda baş verir. Belə ki, ölkə var gücü ilə “orta gəlir tələsi”nə (müəyyən gəlir səviyyəsinə çatan ölkə həmin səviyyədə ilişib qalır) düşməməyə çalışır. Adətən bu, ona görə baş verir ki, artan əmək haqları və xərclər geyim və mebel kimi baza məhsullar istehsal edən fabriklərin rentabelliyini məhv edir, nəticədə iqtisadiyyat daha yüksək rentabelli sahə və xidmətlərə keçə bilmir.

Dünya Bankının məlumatına əsasən, 1960-cı ildən bəri Şərqi Asiyada sənaye baxımından inkişaf etmiş beş iqtisadiyyat bu tələdən canını qurtara bilib. Həmin ölkələr Yaponiya, Honkonq, Sinqapur, Cənubi Koreya və Tayvandır.

Onların sırasına qoşulmaq üçün Si Çin bazarlarını yenidən qurmalı, maliyyə xidmətlərində rəqabəti artırmalı, texnologiyaları təkmilləşdirməli və korporativ idarəetməni sərtləşdirməli olacaq. Və bunu indi, bu Asiya ölkəsinin artımının qarşısını almağa çalışan ABŞ administrasiyası ilə Sinin ticarət müharibəsi apardığı bir vaxtda eləmək lazımdır. İşçi qüvvəsinin qocalması, korporasiyalar və yerli hökumətin böyük borcları, həmçinin ətraf mühitə dəyən zərəri aradan qaldırmaq zərurəti vəziyyəti daha da çətinləşdirir.

“Heç bir qeyri-demokratik böyük iqtisadiyyat orta gəlir tələsindən canını qurtara bilməyib və bu baxımdan ticarət müharibəsi olmasa belə, Çinin şansı çox azdır, - London Şərq və Afrika Araşdırmaları Məktəbinin (SOAS) nəzdində Çin İnstitutunun direktoru Stiv Sanq (Steve Tsang) deyir. – Denin yanaşmasından uzaqlaşma Qərbdə, xüsusilə ABŞ-da həyəcana səbəb olub. Bu, tapşırığı xeyli çətinləşdirir”.

Çin buna nail ola biləcəkmi? Sualın cavabı Denin islahatlarından yararlanaraq öz şirkətlərini quran və sahələri ard-arda ələ keçirən miqrantların mirasından asılı olacaq. Bu gün Çində istehsal edilən məhsulun 60%-i, texnoloji innovasiyaların 70%-i və yeni iş yerlərinin 90%-i özəl sektorun payına düşür. Bu barədə Sinin baş iqtisadi müşaviri Lyu He (Liu He) məlumat verib.

Kölgə bank sistemi

Özəl şirkətlərdən çoxu Sinin borc vəsaitlərinin payının azaldılması və ətraf mühitin çirklənməsi ilə mübarizədəki kampaniyalarının yükünü öz üzərlərində hiss edirlər. Qızğın iqtisadi artım bumunda kölgə bank sisteminə keçid güclü maliyyə mənbəyinə çıxışı bağlayıb, yüz minlərlə kiçik şirkət isə ətraf mühiti çirkləndirdiyi üçün bağlanıb.

Onların çətin vəziyyəti siyasətçiləri misli görünməmiş bir addım atmağa vadar edib: bu il hökumət bankları qeyri-dövlət şirkətlərinə daha çox borc verməyə inandırmağa çalışıb. Kampaniyanı dəstəkləyən Si özəl sektora “sarsılmaz” dəstəyini bəyan edib.

Bazar günü “Bloomberg Television”-a müsahibəsində Hu hökumətin bu fəaliyyətinin kifayət qədər effektiv olmadığını, biznes və investorlarda əminliyin zəifləyə biləcəyini, bunun da çıxılmaz vəziyyət yaradacağını qeyd edib. Onun sözlərinə görə, özəl sektorla bağlı siyasət “məntiqsizdir”, çünki hökumət sözdə onu dəstəkləyir, amma əslində isə daha sərt tənzimləyici normalar tətbiq edir.

“Hökumət sahibkarları boğan dəli köynəyini çıxarmalıdır, - o bildirib. – Qaydalar, axmaq qaydalar həddindən artıq çoxdur. Gün keçdikdə vəziyyət daha da ağırlaşır. Ümid edək ki, bu, qismən bürokratik səhlənkarlağın öhdəsindən gələ biləcək”.

Çin sahibkarlarının uğruları ilə problemləri ən yaxşı Şençjendə görünür. Bura cəmi 40 ilin içində balıqçı kəndindən bir müəssisənin ətrafında meydana çıxan kiçik şəhərə, sonra isə ixrac və texnologiya mərkəzinə çevrilib.

Çinin mərkəzi Uxanda anadan olan Endi Yu (Andy Yu) immiqrantlar şəhərini uğurlu şəhərə çevirən nəslin tipik nümayəndəsidir. O, texnologiya şirkətində çalışmaq üçün 2003-cü ildə Şençjendə yola düşüb, bir neçə ildən sonra mobil telefonların istehsalı üzrə özünün “Shenzhen Garlant Technology Development” müəssisəsini təsis edib.

“Bəziləri Çinin sadəcə ucuz zibil hazırlaya biləcəyini deyir, ancaq bu, belə deyil,- Yu deyir. – Çin həqiqətən yaxşı məsullar istehsal edə bilər və məhz buna görə “Apple” kimi şirkətlər burada öz fabriklərini açıblar. Çində ən yaxşı qiymət-keyfiyyət nisbəti var”.

Yunun sözlərinə görə, yüksək keyfiyyətin ucuz qiymətlərlə uyğunluğu şirkətinin Trampın tariflərindən yan keçməsinə imkan verəcək. “Shenzhen Garlant” şirkətinin illik satış həcminin təxminən beşdə bir hissəsi – 150 milyon dollar – ABŞ-ın payına düşür və hazırda şirkətin məhsullarına ABŞ-da 10%-lik rüsum tətbiq edilir. Gələn il bu rəqəm 25%-ə çata bilər. Yu belə bir artımla barışmağa hazır olduğunu deyib, çünki onun qərb rəqibləri öz məhsullarını daha yüksək qiymətə satır, Cənub Şərqi Asiya və Latın Amerikasındakı rəqibləri isə texnologiya baxımından çox geri qalır.

“Shenzhen Garlant”-ın inkişaf trayektoriyası Denin islahatlarından faydalananların sağ qalmaq üçün dəyişən şərtlərə necə adaptasiya olduğunu göstərir. Şirkət məhsul istehsal edib, Şençjendən satmağa davam edir, lakin 300 nəfərin işlədiyi zaovd indi Çinin mərkəzi vilayəti Xubeydə yerləşir. Burada isə əmək haqqı daha aşağıdır. Yu avtomatlaşdırma səviyyəsini artırmaq və Myanma ilə sərhəddə, ölkənin qərbində yeni zavod tikmək imkanını nəzərdən keçirir. Belə ki, onda həmin zavodda birmalı miqrantlar çalışa biləcək və onlara Çin vətəndaşları ilə müqayisədə iki dəfə az əmək haqqı veriləcək.

Sinin “Made in China 2025” proqramı çərçivəsində formalaşan məqsədlərə, əsas texnologiyalarda dominantlığa nail olmaq üçün Çin nəinki yüksək texniki xarakteristikalara malik smartfon və noutbuklar istehsal etməli, eyni zamanda daha çox şey etməli olacaq. Amma Sinin təbliğ etdiyi dövlət nəzarətinin sərtləşdirilməsi ilə bağlı model, verilən borcların məhdudlaşdırılması innovasiyalara mane ola bilər.

“Bu il qızıl startap əsri başa çatıb, - Çin iqtisadiyyatında dəyişikliklər tələb edən yeni nəsil sahibkarların nümayəndəsi Van Qaonan (Wang Gaonan) qeyd edir. – İnvestor tapmaq demək olar imkansız bir işə çevrilib. Yol yoxdur. Universiteti 2012-ci ildə deyil, 2015-ci ildə bitirsəydim, mənim üçün başlamaq artıq gec olardı”.

Berklidə Kaliforniya Universitetində istehsal texnologiyası sahəsində magistr dərəcəsi alan Van oyunların hazırlanması ilə məşğul olan “Capstone Games” şirkətinə başçılıq edir. Şirkət 2013-cü il Pekində təsis edilib və o vaxtdan bəri onun illik gəliri hər il iki dəfə artıb. Hazırda bu göstərici təxminən 150 milyon yuan (21,8 milyon dollar) təşkil edir.

Uşaqlarda formaşan qacet asılılığının nəticələrindən narahat olan Çin hökumətinin yeni oyunlara qarşı daha sərt nəzarəti, həmçinin iqtisadi artım tempinin yavaşıması Vanı xaricdə artım üçün imkanlar axtarmağa məcbur edib. “Capstone” artıq martda Birləşmiş Krallıqda öz proqramını işə salmağı planlaşdırır.

Daha sərt nəzarət

Si həmçinin Den siyasəti nəticəsində meydana çıxan onlayn-postlardan tutmuş müstəqil özəl müəssisələrə kimi müxtəlif fəaliyyət növünə qarşı qaykaları bərkidib. Si partiyanın biznesə, həmçinin dövlət şirkətlərinə və hökumətə məxsus banklara nəzarətini bərpa edib. Nyu York Universiteti nəzdində Stern Biznes Məktəbinin professoru, iqtisadiyyat üzrə Nobel mükafatı laureatı Maykl Spens (Michael Spence) deyir ki, bu cür tədbirlərin iqtisadi effekt bir müddət sonra özünü göstərir, ona görə onların təsirini qiymətləndirmək çox çətindir: “Perspektivdə innovasiyalar üçün maneələr yarana bilər”.

Spensin sözlərinə görə, siyasi və ticari maneələr olsa belə, yeni rəqəmsal iqtisadiyyat, xidmətlər və yüksək keyfiyyətli məhsulların istehsalçıları Çinin zəngin ölkələr cərgəsinə daxil olmasına kömək edə bilər. “Texnologiyalar və xarici investisiyaları əhatə edən ticarət müharibəsi Çinin artımını yavaşıdacaq. Özü də təkcə Çinin yox. Lakin çətin ki, onun inkişafını məhv edə bilsin”, - deyə o bildirib.

Üçüncü rübdə Çin iqtisadiyyatının həcmi 6,5% artıb. Bu, 2008-2009-cu il qlobal maliyyə böhranından sonra müşahidə edilən ən aşağı göstəricidir. 2020-ci ildə Çin artım səviyyəsini 5%-dən yuxarıda saxlaya bilsə, onda adambaşına düşən gəlir səviyyəsinə görə inkişaf etmiş ölkələrlə bərabərləşəcək. Bunu “Çin iqtisadiyyatı: hamının bilməli olduqları” (China's Economy: What Everyone Needs to Know) kitabının müəllifi Kreber deyib.

Amma orta gəlir səviyyəsi ümumi mənzərənin sadəcə bir hissəsidir. Yarım əsr öncə Fred Hunun müəlliminin həbs edildiyi Xunan vilayətinin kiçik əyalət şəhəti Sintanda ölkə iqtisadiyyatının sürətli inkişafından doğan bərabərsizlik gözə çarpır.

Hunun təhsil aldığı orta məktəbin divarlarında rəng solub tökülüb. İstilik sistemi demək olar yoxdur. Məhz bu səbəbdən dolayı dekabrda uşaqlar parta arxasında qış gödəkçələrində otururlar. 60 yaşlı məktəb direktoru Pan Yueçjun (Pan Yuezhong) deyir ki, təhsil standartları böyük şəhərlərin standartlarından çox geri qalır. Uşaqların təxminən 80%-i valideynləri çörək pulu üçün böyük şəhərlərə üz tutan, qohumlar, ya da dostların himayəsində böyüyən “atılmış uşaqlardır”.

“Çin ən vacib aktivinə - insanlara vəsait yatıra bilməyib, - Stenforddan iqtisadçı Skott Rozell (Scott Rozelle) bildirib. – Ən aşağı təhsil səviyyəsindən biri Çindədir”.

2015-ci ildə aparılan araşdırmanın nəticələrinə əsasən, işçilərin yalnız 30%-i orta məktəbi bitirib. Bu baxımdan Çin “orta gəlirli” başqa ölkələrdən, məsələn, Meksika, CAR, Tayland və Türkiyədən xeyli geri qalır. Halbuki bu, Çinin güclü sənaye dövlətinə çevrilməsinə mane olmayıb, lakin daha qabaqcıl innovativ iqtisadiyyata təkamül etməsinə əngəl törədəcək.

Bu il Çinin böyük şəhərlərində 8 milyon tələbə universitet bitirib. Amma Rozellin sözlərinə görə, problem ondadır ki, Çin hökuməti əyalətlərə kifayət qədər diqqət ayırmır. Şəhərlərlə müqayisədə əyalətlərdə orta məktəbi bitirən işçilərin sayı 4 dəfə azdır. Halbuki Çin əyalətlərində ölkə əhalisinin 64%-i yaşayır və onların üçdə iki hissəsi uşaqlardır.

Daha bir ciddi problem var. Sintan şəhəri yaxınlığındakı böyük Milo şəhərində hər beşinci sakinin yaşı 60-dan çoxdur. Belə bir demoqrafik tendensiya Çinin böyük bir hissəsi üçün xarakterik haldır. Tezliklə bu, iqtisadiyyat üçün ciddi problemlə çevriləcək.

Yerli sakin Hu Fusin (Hu Fuxin) deyir ki, bununla belə, hazırda Sintanda vəziyyət qat-qat yaxşıdır, halbuki Mədəni inqilab dövrünün acınacaqlı günlərində insanlar evlərini kerosin lampaları ilə işıqlandırır, ayaqlarını parça ilə sarıyırdılar, düyü isə o qədər baha idi ki, onu yaşlılar, uşaqlar və xəstələr üçün saxlayırdırlar. Xudmani evində qalın gödəkçə ilə gəzən və ayaqlarına ədyal sarıyan 78 yaşlı müəllim hələ də Fred Hunun nümunəvi şagird olduğunu xatırlayır.

Huya məxsus “Primavera Capital” şirkəti “Ant Financial Services Group” onlayn maliyyə xidmətləri platforması və “Xunlei” örtük xidmətləri provayderi kimi yeni şirkətlərə investisiya edir. Onun sözlərinə görə, Çin sahibkarları yaradıcılıq, innovasiyalar və bəsirət bacarığına görə Silisium vadisinin sahibkarlarından heç də geri qalmır. O, hesab edir ki, Çin inkişaf etmiş ölkə statusuna nail olmaq iqtidarındadır. Lakin Sinin başçılığı altında Çin siyasətinin istiqaməti onu getdikcə daha çox narahat edir.

“Çin doğru yola çıxıb, amma hamı Denin 40 il əvvəl başlatdığı islahat prosesinin sürətlənəcəyini, yoxsa zəifləyəcəyini, ya da ümumiyyətlə əks istiqamətdə irəliləyəcəyini bilmək istəyir, - o, deyir. – İslahatların olmaması iqtisadi potensialını tam reallaşdırmasında Çinə mane ola bilər”.

FED.az