Çinin Uhan şəhərində üç həftə öncə 50 şəxsin koronavirusa yoluxması ilə başlayan epidemiya, bu günə artıq 23 ölkədə 17.000 nərəfdən çox insanın yoluxmasına səbəb olaraq, 360 şəxsin həyatına son qoyub. Virusun son günlərdə sürətlə yayılması dünya maliyyə bazarlarının səhm birjalarına mənfi təsirini göstərməkdədir. Maliyyə və investisiya üzrə ekspert Rəşad Hacıyev İqtisadiyyat.az saytına açıqlamasında bildirib ki, Şanxayın səhm birjasının “SSE Composite” indeksi Çin yeni il bayramından sonra bu gün açılaraq, dərhal 8%, ümumilikdə isə virusun aşkarlanmasından bəri 12.5 – 13%, Honkonqun "Hang Seng" fond birjası isə 10%-ə qədər enib: "Koronavirus Asiya birjaları ilə yanaşı Avropa və ABŞ-ın səhm birjalarına da öz təsirini göstərməkdədir. Belə ki, ABŞ-ın “S&P500” və Avropanın “EURO STOXX 50” səhm birjalarının indeksləri təqribən 3.5% və 3.75% müvafiq olaraq ucuzlaşıb.

“Brent” markalı neftin qiyməti, tək bu gün ərzində, Asiya ticarət sesiyasının açılması ilə dərhal 4.7% ucuzlaşaraq, 55.44 ABŞ dollarına qədər enib. Hazırda nisbətən sabitləşərək 56.00 – 56.50 ABŞ dolları civarında ticarət edir.  “Brent” markalı neftin sonuncu dəfə 55.44 ABŞ dolları qiymətində ticarət olunması 2019-cu ilin yanvarın 4-də qeydə alınıb. Ümumilikdə, “brent” markalı neftin dəyəri son iki həftə ərzində 15% ucuzlaşaraq, hal-hazırda, kritik həddədir. Belə ki, “brent” markalı neftin qiymətinin 55.5 – 56.5 ABŞ dolları hədlərində sabitləşməməsi onun 49 – 50 ABŞ dollarına enməsinə gətirib çıxara bilər."