Çin Kommunist Partiyasının rəhbərliyi ilin ikinci yarısı üçün iqtisadi inkişaf prioritetlərini müəyyən edib.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə qərar Çin Kommunist Partiyası (ÇKP) Mərkəzi Komitəsinin Siyasi Bürosunun cari iqtisadi vəziyyəti təhlil etmək və ilin ikinci yarısında təsərrüfat işləri ilə bağlı tədbirlər görmək üçün keçirdiyi iclasda alınıb.

İclasda cari iqtisadi vəziyyət təhlil edilib, ilin ikinci yarısında iqtisadi fəaliyyətlə bağlı tənzimləmələr aparılıb.

Qiymətləndirməyə görə, Çin iqtisadiyyatı yeni çağırışlar və problemlərlə üzləşir. Bu çətinliklərin və problemlərin əsas səbəbləri arasında daxili tələbatın qeyri-kafi olması, bəzi müəssisələrin fəaliyyətindəki çətinliklər, əsas sahələrdə risklər və gizli təhlükələr, həmçinin mürəkkəb xarici mühit daxildir.

Qəbul edilən qərarlara əsasən, makroiqtisadi tənzimləmələrin düzgün və güclü şəkildə həyata keçirilməsi, konyukturaya qarşı tənzimləmələrin gücləndirilməsi və siyasət variantlarının artırılması mühüm addım kimi qiymətləndirilib. 

İclasda proaktiv fiskal siyasətə və ehtiyatlı pul siyasətinə sadiqlik vurğulanıb, eyni zamanda vergi və ödənişlərin azaldılmasının genişləndirilməsi, optimallaşdırılması və təkmilləşdirilməsinin vacibliyi bildirilib.

Həmçinin elmi və texnoloji innovasiyalara, real iqtisadiyyata, mikro, kiçik və orta sahibkarlığın inkişafına güclü dəstək veriləcəyi bildirilib. Yuanın məzənnəsinin müvafiq və balanslaşdırılmış səviyyədə sabit saxlanılacağı qeyd edilərkən, kapital bazarının canlandırılması və investorların inamının artırılması istiqamətində işlərin aparılacağı vəd edilib.