Çinin Vaşinqtondakı səfirliyi ABŞ-ni “vahid Çin” siyasətinə riayət etməyə və Tayvan boğazında gərginliyin artmasına töhfə verməməyə çağırıb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə səfirliyin sözçüsü Liu Penqyu TASS-a bildirib.

"Çin ABŞ və Tayvan arasında hərbi əlaqələrə, eləcə də silah tədarükünə qəti şəkildə qarşıdır. Bu mövqe birmənalı və dəyişməzdir. ABŞ "vahid Çin" siyasətinə əməl etməli və Tayvana silah göndərilməsini dayandırmalı, yeni gərginliklərin yaradılmasını dayandırmalıdır. Tayvan boğazında gərginliyə səbəb ola biləcək amillər və Tayvan boğazında sülh və sabitliyə təhdidlərin dayandırılması lazımdır”, - sözçü bildirib.

Qeyd edək ki, ABC telekanalının öz mənbələrinə istinadən məlumatına görə, ABŞ-nin Tayvana hərbi yardımı Müdafiə Nazirliyinin ehtiyatlarından veriləcək. Paketə hava hücumundan müdafiə sistemləri, raketlər, kəşfiyyat və müşahidə avadanlıqları daxil olacaq.

Telekanal qeyd edib ki, Bayden Administrasiyası ilk dəfədir ki, ABŞ-nin öz müdafiə ehtiyatından Tayvana böyük hərbi yardım paketi göndərmək qərarına gəlib.