Cənubi Koreyada leysan yağışların səbəb olduğu sel və torpaq sürüşmələrində həyatını itirənlərin sayı ötən həftədən bəri 35-ə yüksəlib.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Mərkəzi Fəlakət və Təhlükəsizlik Tədbirləri Müdirliyi məlumat yayıb.

Məlumata görə, dünən Şimali Çunqçeonq bölgəsində yerləşən Osong şəhərində güclü yağışlardan sonra yaxınlıqdakı çayın daşması nəticəsində 685 metr uzunluğundakı tunel su altında qalıb.

Yonhap-ın xəbərinə görə, tuneldə qalan avtomobillərdə 7 nəfərin cəsədi aşkarlanıb. Beləliklə, təbii fəlakətlərdə həyatını itirənlərin sayı 35-ə çatıb.

Səlahiyyətlilər tuneldəki 15 avtomobilin çıxarılması üçün işlərin davam etdiyini və ölənlərin sayının artmasından narahat olduqlarını bildiriblər.

Cənubi Koreyada yağışlar səbəbindən qatarların da hərəkəti dayandırılıb, 216 magistral yolda nəqliyyatın hərəkətinə ara verilib.