"2023-cü il ərzində dövlət satınalmalarının həcmi 7,5 milyarddan yuxarı olub".

İqtisadiyyat.az xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və Istehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəisi Məmməd Abbasbəyli Təchizat Zənciri Liderləri Zirvəsində deyib.

Onun sözlərinə görə, gözləntilər bundan ibarətdir ki, 2024-cü il ərzində dövlət satınalmaları 8 milyarda yaxın olacaq: "Yəni bu, dövlətimizin ölkəmizin iqtisadiyyatına qoyduğu sərmayə ildən-ilə artır. Burada bütün sahibkarların fayda qazanma imkanları var. Təki keyfiyyətli təkliflər irəli sürsünlər. Qənaət edilən vəsaitlər nöqteyi-nəzərdən 2023-cü ildə dövlət büdcəsinə 754 milyona yaxın vəsait qənaət olunub. Yəni ehtimal olunan büdcələnmiş qiymətdən müsabiqə, rəqabət əsaslı satınalmaların təşviqi vasitəsilə artıq praktiki olaraq 800 milyona yaxın vəsait ölkəmizin büdcəsinə qənaət edilib. Eyni zamanda da satınalmaların düzgün aparılmaması, satınalmaların pozulması prosesinin nəticəsində 1500-dən çox tenderlər ləğv olunub. Məqsəd ləğv etmək deyil, məqsəd düzgün fəaliyyətin təşviqidir. Sadəcə bu prosesdə ləğvetmələr də olur".

Xidmət rəisi xatırladıb ki, ötən il ərzində elektron satınalmalar təqribən 1,7 milyarda yaxın olub: "2022-ci illə müqayisədə çox böyük sıçrayış olub. Ancaq çox yaxşı haldır ki, artıq 2024-cü ildən bütün satınalmalar elektrondur. Yəni 100% elektronlaşma olacaq. 2023-cü ildə orta iştirakçı sayı 3,9 olub. Bildiyiniz kimi, qanunda forum nöqteyi-nəzərdən 3 iştirakçı tələb olunur. Biz forumdan bir az yuxarı qalxmışıq. Bu, yaxşıdırmı? Yəqin ki, yox. Biz istəyirik ki, tenderlərdə iştirakçıların sayı çox olsun. Çünki tenderlərdə iştirakçıların sayı nə qədər çox olursa, o qədər də rəqabətli təkliflər masaya qoyulmuş olur. Orta iştirakçıların sayının təqribən 4-ə yaxın olmasına baxmayaraq, bizim azad olunmuş ərazilərimizdə çox fərəhverici haldır ki, Şuşada, Qarabağ, Şərqi Zəngəzurda bir çox hallarda müsabiqələrdə 12-dən 17-yə qədər tenderlərdə təchizatçı iştirak edir. Bu, çox gözəl göstəricidir".

Sadiq Cavadov