ABŞ-nin sabiq prezidenti və Respublikaçılar partiyasından prezidentliyə namizəd Donald Tramp “Google” şirkətini məhkəməyə verəcəyini bildirib.

İqtisadiyyat.az xarici mediaya istinadən xəbər verir ki, Tramp bu şirkətin məlumat bazasında onun haqqında mənfi xarakterli məlumatlar yayıldığı, bunun əksinə, rəqibi – Demokratlar partiyasından namizəd Kamala Harris barədə müsbət materiallar yerləşdirildiyi iddiasını irəli sürüb.

Məlumata görə, Donald Tramp 2024-cü il seçkilərində qalib gələcəyi təqdirdə “Google” şirkətini mühakimə edəcəyi ilə hədələyib və texnologiya nəhəngini vitse-prezident Kamala Harrisin xeyrinə axtarış nəticələrini manipulyasiya etməkdə günahlandırıb. O, “Truth Social” şəbəkəsindəki paylaşımında şirkətin onun haqqında mənfi yazılara üstünlük verən qeyri-qanuni bir sistem qurduğunu iddia edib.

Konkret bir fakta istinad etməyən Tramp xəbərdarlıq edib ki, seçiləcəyi təqdirdə ABŞ Ədliyyə Departamentini seçkilərə “açıq-aşkar müdaxilə” edən “Google” şirkətini mühakimə etməyə çağıracaq.

“Google” isə Trampın ittihamlarını rədd edib. Anonim qalmaq istəyən şirkətin nümayəndəsi axtarış nəticələrinin internetdə mövcud olan və daim dəyişən məzmunu əks etdirdiyini, hər hansı bir namizədə üstünlük vermək üçün manipulyasiya edilmədiyini bildirib.