Vətən müharibəsindən sonra Azərbaycan regionda və dünyada yeni reallıqlar yaradıb. Uzun illər düşmən işğalı altında olmuş torpaqlarını azad edən və antiterror tədbirləri nəticəsində öz suverenliyini bütün ərazilərində bərpa edən Azərbaycan beynəlxalq siyasi arenada böyük nüfuz qazanıb. Azərbaycan beynəlxalq hüquq çərçivəsində həm döyüş meydanında, həm də siyasi masada tarixi qələbə qazanaraq ədaləti təkbaşına bərpa edib. Hər bir ölkə öz dövlət maraqlarının müdafiəsi üçün həm daxili, həm də xarici siyasət yürüdür. Azərbaycan da dövlət maraqlarından çıxış edərək hər zaman sülhün tərəfdarı olub və torpaqlarını azad etdikdən sonra regionda sabitliyin bərqərar olunması ilə bağlı təşəbbüslər irəli sürüb. Təsadüfi deyil ki, Azərbaycan hələ torpaqlarımız işğal altında olandan Ermənistanla sülh əldə olunması üçün səylər göstərib. Ölkəmiz sülh prosesini torpaqlar azad edildikdən sonra da davam etdirib. Amma buna baxmayaraq, Ermənistanın həmişə olduğu kimi sülh məsələsində adekvat yanaşma nümayiş etdirməməsi göz önündədir. Azərbaycanın dövlət marağı sülhün əldə olunmasıdır. Ermənistanın sülh prosesini uzatması isə bu dövlətin niyyətlərindən xəbər verir.

Milli Məclisin deputatı Elman Nəsirov İqtisadiyyat.az-a açıqlamasında deyib ki, Ermənistan beynəlxalq ictimai fikrin gözünə kül üfürür və guya onlar Azərbaycanla sülh müqaviləsini imzalamağa tam hazır olduqlarını sübut etməyə çalışırlar.

Deputatın sözlərinə görə, hətta təxminən sülh müqaviləsinin 80%-nə hazır olması ilə bağlı Ermənistan tərəfindən konkret rəqəmlər də səsləndirilir: “Əslində isə onların qətiyyən sülh müqaviləsi imzalamaq niyyəti yoxdur. Çox gözəl bilirlər ki, Azərbaycan onların dediyi “80% çərçivəsində sülh müqaviləsini imzalamağa hazırıq” şərtinə getməyəcək. Azərbaycana 100 faizlik sülh müqaviləsi lazımdır, həllini tapmayan 20%-i isə gələcək nəsillərə saxlamaq lazım deyil. Ermənistan o 20%-i mötərizəyə alaraq həmin məsələlərin həllini tapmamasını istəyir. Həm də erməni xalqına mesaj ötürür ki, biz Azərbaycanla sülhə getsək də, Qarabağla bağlı məsələləri hələ də gündəmdə saxlamış oluruq və müəyyən 20% məsələlərlə razılaşmamışıq. Bu baxımdan ATƏT-in Minsk qrupunu qorumaq niyyətləri və onun buraxılmasını istəməməklərinin səbəbləri başa düşüləndir. Ona görə ki, guya həmin o 20% məsələni tənzimləmək üçün ATƏT-in Minsk qrupunun vaciblik ideyasını ortaya atırlar. O Minsk qrupu ki, münaqişəni həll etmədi, nəticələri sıfırdır və əslində münaqişəni dondurmaqla məşğul olaraq erməni maraqlarına xidmət göstərdilər. Ermənistan isə sülhün imitasiyası ilə məşğuldur və elə şərtlər irəli sürür ki, Azərbaycan ona getməyəcək. Deməli, Ermənistanın sülh müqaviləsi imzalamaq niyyəti yoxdur”.

E.Nəsirov sülh müqaviləsi ilə bağlı Azərbaycanın mövqeyindən də danışıb: “Azərbaycanın mövqeyi odur ki, biz sülh istəyirik və konkret addımlar atmışıq, 5 baza prinsipini Ermənistana vermişik, sülh müqaviləsi layihəsini hazırlamışıq. Bizim şərtimiz var ki, Ermənistanın Azərbaycana qarşı ərazi iddialarına son qoyulmalıdır. Ermənistan konstitusiyasında da bu iddia öz əksini tapıb, erməni xalqının siyasi iradəsi ilə buna son qoyulmalıdır və referendum səviyyəsində bu iddia aradan qaldırılmalıdır. İkincisi, ATƏT-in Minsk qrupu buraxılmalıdır. Bu, bizə lazım deyil. Onun saxlanması artıq növbəti problemlərin qabardılması mənafeyinə xidmət edir. Üçüncüsü, Ermənistan revanşizmin təqdir olunmasına və alovlanmasına son qoymalıdır. Revanşizmin olduğu müddətdə sülh heç bir real nəticə verməyəcək. Bizim prinsipial mövqeyimiz budur. Ölkə Prezidenti cənab İlham Əliyev dəfələrlə bu prinsipial və qətiyyətli mövqeyini həm Ermənistanın siyasi-hərbi rəhbərliyinə, həm də onun havadarlarının nəzərinə çatdırıb”.

Deputat vurğulayıb ki, Ermənistanın belə mövqe seçməsi, yəni sülhün imitasiyası ilə məşğul olması da təsadüfi deyil. Çünki onu buna təhrik edənlər var: “Xüsusilə, Fransa Ermənistana hər cür hərbi və maliyyə dəstəyi verir. Anoloji addımı Yunanıstan və digərləri də atır. İndi Cənubi Koreya və Yaponiya da Ermənistanı silahlandıra biləcək potensial dövlətlər kimi çıxış edirlər və bu istiqamətdə danışıqlar gedir. Hətta iş o həddə gəlib çatıb ki, bu gün ABŞ-də prezidentliyə namizəd Kamala Harris bildirir ki, Dağlıq Qarabağa ermənilərin qayıdışı təmin edilməlidir. Hansı Dağlıq Qarabağa?! Yoxdur belə bir söz. Hansı erməni xalqının qayıdışından danışır?! Qarabağda erməni icması yaşayıb, axı bunu xalq niyə adlandırırsan?! Onların getməsinin də səbəbkarı biz olmamışıq, könüllü şəkildə bu seçimi ediblər. Əgər Qarabağa erməni əhalisi qayıdacaqsa, deməli Qərbi Azərbaycana da Azərbaycan əhalisi qayıdacaq. Şərtimiz və prinsipial mövqeyimiz budur. Amma təsəvvür edin ki, hələ sadəcə prezidentliyə namizəd olan Kamala Harris artıq ermənipərəst maraqlarına xidmət edən bəyanatlar verir”. 

Milli Məclisin üzvü Ermənistanı silahlandıran qüvvələrdən və onların məkrli niyyətindən də söz açıb: “Avropa İttifaqı Ermənistana 2,6 milyard avro vəsait ayırır. ABŞ-dən Ermənistana 250 milyon dollarlıq vəsait daxil olur. Adını demokratiyaya dəstək qoyublar, amma əslində təyinat çox zaman Ermənistanı müharibəyə hazırlamaqdır. Belə təzyiqlər yolunu seçənlər unutmasınlar ki, Azərbaycan güclü dövlətdir, onun güclü lideri, güclü ordusu və güclü müttəfiqləri var. Ən başlıcası bizdə səfərbər olmuş cəmiyyət var və vətəndaş həmrəyliyi, eləcə də xalq-dövlət birliyi hökm sürür. Bizim işimiz haqq işidir. Heç kimi bizi haqq yolundan döndərə bilməz. Bəzi qüvvələr Cənubi Qafqazda möhkəmlənmək istədiyindən Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin imzalanmasına qarşıdırlar. Rusiya-Ukrayna müharibəsinin gedişatında bundan istifadəyə cəhd edənlər var. Ermənistanın Baş nazirindən Rusiya ilə münasibətləri gərginləşdirməyi tələb edirlər və o da bu tələblə razılaşır. Deyirlər ki, KTMT ilə əlaqələri kəs, o da kəsir. Bazaların çıxarılması ilə bağlı mövqe bildirməsini tələb edirlər, o da edir. KTMT-nin hərbi təlimlərinə qoşulmamaqla bağlı əmr edirlər, buna baş əyir. Deyirlər ki, ABŞ-nin həbi təlimlərinin Ermənistanda olmasına imkan ver, o da imkan verir. Avropa İttifaqının müşahidəçi missiyasını Ermənistana buraxmasını tələb edirlər, o da buraxır. Gördüyünüz kimi, Ermənistan Qərb yönündə ardıcıl addımlar atır. Amma bunu kəskin də ata bilmir. Çünki Rusiyadan çox ciddi zərbə ala biləcəyindən ehtiyat edir. Amma Ermənistan ehtiyatla, yavaş-yavaş Qərb xəttini seçib və bu istiqamətdə addımlamaqdadır. Ancaq hesab edirəm ki, Rusiya-Ukrayna nəticələrindən asılı olaraq Ermənistanın seçimində ciddi dəyişikliklər olacaq. Rusiya uduzarsa, o, ya sürətli, birmənalı və açıq şəkildə Qərb yolunu seçəcək, ya da Rusiyanın mövqeləri müharibənin sonunda güclü olarsa, Rusiyanın şərtləri daxilində müharibə sonlanarsa, rəsmi İrəvanın Moskvaya ünvanlanmış reveranslarına biz şahidlik edəcəyik”.

Milli Məclisin deputatı Naqif Həmzəyev də İqtisadiyyat.az-a açıqlamasında deyib ki, Ermənistan tərəfi sülh danışıqlarında səmimi deyil və sülh prosesinin yekunlaşmasına da töhfə verməkdən yayınmaqdadır. Onun sözlərinə görə, Azərbaycan müharibədən qalib şəkildə çıxması və zəfər çalması ilə yanaşı sülhü də istəyən əsas tərəflərdən biridir və sülhün əldə olunması üçün də bütün alətləri işə salıb:

“Unutmamalıyıq ki, 2020-ci ildə Vətən müharibəsindən sonra müxtəlif platformalarda Ermənistanla Azərbaycan arasında sülh danışıqlarına start verildi. Bu danışıqların elə gedişatında biz Ermənistan tərəfinin təxribatlarının şahidi olduq. Hər dəfə də Azərbaycan Silahlı Qüvvələri Ermənistanın təxribatlarının qarşısını uğurla aldı və onlara yeni dərs verdi. Bir sözlə, baş verən bu təxribatlar və yaranmış toqquşmalar sülh prosesini müəyyən dərəcədə ləngitdi. Düşünürəm ki, hazırda Ermənistan və Azərbaycan arasında heç bir vasitəçi olmadan əldə edilmiş razılıqlar sülhə ən çox yaxınlaşdığımız məqamlardan xəbər verməkdədir. Xüsusilə də sərhədlərin delimitasiya və demarkasiyasının həyata keçirilməsi ilə bağlı məsələlər və Qazaxın 4 kəndinin geri qaytarılması bu proseslərin əsas nailiyyətləri kimi dəyərləndirilməlidir. Ancaq təəssüflər olsun ki, bu proseslərin davamlı olması üçün Ermənistan tərəfi verdiyi sözləri və vədləri yerinə yetirmir və Azərbaycanın açıq şəkildə dilə gətirdiyi 5 baza prinsipi əsasında sülh mətninin hazırlanmasında da yubanmalara şərait yaradır”.

Deputat söyləyib ki, təkcə sonuncu sülh mətninin Ermənistan tərəfindən cavablandırılması 70 gün çəkib: “Bu da onu deməyə imkan verir ki, Ermənistan prosesi, həqiqətən də, yubadır. Ancaq bununla yanaşı, dünya ictimaiyyətinə fərqli mesajlar və açıqlamalar verərək özünü “sülh mələyi”, sülh tərəfdarı kimi göstərməklə çaşqınlıq yaratmaq istəyir. Azərbaycan isə hər dəfə baş vermiş bu proseslərlə bağlı dünya ictimaiyyətini daha dəqiq informasiyalarla məlumatlandırır. Nəticə etibarilə Ermənistanın əsl simasını və əsl niyyətini ortaya qoyur. Bütün bunlarla yanaşı Ermənistanın Qərb dövlətləri, xüsusilə də Fransa tərəfindən aktiv şəkildə silahlandırılması Ermənistanı müəyyən dərəcədə cəsarətləndirir və Ermənistandakı revanşist qüvvələrin güclənməsinə və ümidlərinin artmasına gətirib çıxarır. Bu baxımdan, hesab edirəm ki, sülh prosesinin yubanmasının elə ən əsas səbəblərindən biri də məhz Ermənistanın aktiv şəkildə silahlandırılmasıdır. Əgər Ermənistan silahlandırılmasaydı, onlara bu cəsarət verilməsəydi, sülhün əldə edilməsinə çoxdan real töhfə verərdi və artıq bəlkə də, sülh sazişi imzalanmışdı. Ancaq istənilən halda Azərbaycan öz mövqelərini gündən-günə gücləndirir, ölkəmizin da öz dostları və müttəfiqləri var. Azərbaycanın haqlı olaraq ədalət carçısı kimi mövqeyini ortaya qoyması dünya gücləri tərəfindən qəbul edilir”.

N.Həmzəyev vurğulayıb ki, Ermənistan nə qədər dəstəklənsə də və ona qarşı maliyyə yardımları artırılsa da, Azərbaycan baş vermiş bütün bu hadisələrə qarşı lazımi tədbirlər görür: “İnanıram ki, Ermənistanın hərbi-siyasi rəhbərliyi nəhayət ki, reallıqları dərk edərək ən qısa zamanda onlar üçün yaradılmış bu şansı düzgün dəyərləndirəcəklər və Azərbaycanla sülh sənədi ən qısa zamanda imzalanacaq. Bundan sonrakı dövrdə isə kommunikasiyaların açılması, sərhədlərin delimitasiya və demarkasiyası işləri uğurla həyata keçiriləcəkdir. İstənilən halda Ermənistan və onlara dəstək olan qüvvələr bu gedişlə heç nəyə nail ola bilməyəcəklər. Ermənistandan istifadə edərək Cənubi Qafqazda mövqelərini gücləndirmək və bu regionda öz varlıqlarını davam etdirmək istəyən o qüvvələr nəhayət anlayacaqlar ki, bu regionda onlara yer yoxdur, uzunmüddətli və dayanıqlı sülhü əldə etmək üçün Azərbaycanın şərtlərinə uyğun sülh sənədi imzalanmalıdır və Ermənistan tərəfi bu proseslərdə səmimi olmalıdır. Əks təqdirdə yaxın dövrlərdə Ermənistanın daha ağır vəziyyətə düşməsi, daha çətin dövrlər yaşaması qaçılmazdır. Hətta Ermənistanın müstəqilliyi belə təhdid altında ola bilər. Çünki faktiki olaraq iqtisadiyyatının digər dövlətlərdən asılı olması, həmçinin müstəqil siyasət yeridə bilməməsi nəticə etibarilə Ermənistanda daxili qarşıdurmaya gətirib çıxaracaq ki, bu da Ermənistanın müstəqilliyini təhdid altına qoyacaq. Biz inanırıq ki, Ermənistan hərbi-siyasi rəhbərliyi öz səhvlərini dərk edəcək, havadarlarının ifa etdiyi mahnını oynamaqdan əl çəkəcək, müstəqil siyasət yürütməyə cəhd göstərəcək və Cənubi Qafqazda yeni münaqişənin yaranması niyyətindən daşınacaq. Belə olacağı təqdirdə biz ən qısa zamanda sülh əldə edəcəyik, regionda Qafqaz ailəsinin yaranması mümkün olacaq və uzunmüddətli, dayanıqlı sülhə nail ola biləcəyik”.

Qeyd: material Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin (MEDİA) maliyyə dəstəyi ilə “ictimai və dövlət maraqlarının müdafiəsi” istiqaməti üzrə hazırlanıb.

Sadiq Cavadov