Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Goranboy Rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyevin qardaşı Habil Quliyevin faciəli ölümü ilə bağlı açıqlama verib.

TƏBİB-dən İqtisadiyyat.az-ın sorğusuna cavab olaraq bildirilib ki, Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Abşeron rayonu, Xırdalan şəhəri ərazisindən sentyabrın 24-də saat 16:00 radələrində 53 yaşlı Habil Quliyevin elektrik cərəyanı vurması səbəbilə çağırış daxil olub.

"Çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub. Təcili tibbi yardım briqadası tərəfindən şəxsin həkiməqədər ölüm faktı qeydə alınıb", - məlumatda qeyd olunub.

Faktla bağlı Abşeron Rayon Prokurorluğunda araşdırma aparılır.

Xatırladaq ki, 53 yaşlı H.Quliyevin Xırdalan şəhərində fəaliyyət göstərən “Ay-min” MMC-də (kolbasa şirkəti) çalışdığı bildirilir.