Böyük Britaniya hakimiyyəti ölkəyə gələn qeyri-qanuni miqrantları izləmək üçün barkod qolbaqlardan istifadə etməyə başlayıb. 

İqtisadiyyat.az "Financial Times"a istinadən xəbər verir ki, Britaniyaya gələn və qəbul mərkəzlərində saxlanılan miqrantlara xüsusi ştrix kodlu qolbaqlar verilir. Məqsəd ölkəyə gələnləri daha asan izləyə bilməkdir.

Ölkənin Daxili İşlər Nazirliyi "Barcode Warehouse" texnoloji şirkəti ilə 1,6 milyon funt-sterlinq dəyərində müqavilə imzalayıb və keçən ildən bu prosesi həyata keçirməyə başlayıb. Şirkət nazirliyi sözügedən qolbaqlar, skan avadanlıqları və miqrantları izləmək üçün yazılmış xüsusi proqram ilə təmin edib. Maraq üçün qeyd edək ki, oxşar qolbaqlardan Britaniya xəstəxanalarında xəstələrə də verilir. 

Bu cihazın işarələmə sistemi nazirliyə qaçqınların qəbulu mərkəzlərində qeyri-qanuni miqrantların sayını və yerini izləmək, həmçinin yeni gələnlərlə bağlı məlumat toplamaq imkanı yaradır.

Lakin beynəlxalq insan haqları təşkilatları Britaniya hakimiyyətinin qərarına tənqidi yanaşırlar. Onlar hesab edir ki, hökumət bu yolla qaçqınlara “insan deyil, əşya kimi” yanaşırlar. Ancaq Daxili İşlər Nazirliyi bu tənqidlərə cavab olaraq bildirib ki, belə qolbaqların tətbiqi yeni gələnlərə nəzarəti yaxşılaşdırmağa kömək edəcək. 

Yeri gəlmişkən, ötən ildən Britaniya hakimiyyəti ölkəyə gələn miqrantları GPS cihazları vasitəsilə real vaxt rejimində izləmək üçün ayrıca sxem işə salıb. İnsan haqları təşkilatlarının tənqidlərinə baxmayaraq, proqramın tətbiqi daha altı ay uzadılıb.

Qeyd edək ki, qeyri-qanuni miqrantlar mütəmadi olaraq La-Manş boğazını keçmək və Böyük Britaniyaya getmək üçün hər cür fürsət axtarırlar. Burada sosial proqram, qaçqın statusu və maliyyə yardımı almaq imkanı onları cəlb edir. Statistikaya görə, ötən ilin avqustunda Britaniyada 2019-cu ildə miqrasiya axınlarının başlanmasından bəri ən çox aylıq sərhəd pozuntusu qeydə alınıb - 13,5 mindən çox qeyri-leqal miqrant ölkəyə daxil olmaq üçün La-Manş boğazını keçib. 2022-ci ildə isə Britaniyaya gələn miqrantların ümumi sayı 45 min nəfəri ötüb.