Britaniya öz universitetlərinin İranla PUA istehsalında əməkdaşlığı ilə bağlı araşdırmaya başlayıb.

İqtisadiyyat.az xəbər verir ki, Britaniya hökuməti bildirib ki, qadağalara baxmayaraq Böyük Britaniya universitetlərinin İranla pilotsuz təyyarələr və digər həssas texnologiyalar sahəsində əməkdaşlıq etdiyinə dair iddiaları araşdırır.

Baş nazir Rişi Sunak bu gün təhqiqatın başlandığını təsdiqləyib. Nazir ondan çox Böyük Britaniya universitetinin alimlərinin iranlı həmkarları ilə birlikdə İslam Respublikasına qarşı sanksiyaları aşkar şəkildə pozaraq pilotsuz uçuş aparatlarla bağlı araşdırmalar apardıqlarına dair mediada yayılan xəbərlərdən sonra təhqiqatlara başlandığını təsdiqləyib.

“Biz ixrac nəzarətindəki pozuntularla bağlı bütün iddiaları ciddi qəbul edirik və başa düşürəm ki, biznes və ticarət departamentinin rəsmiləri hazırda iddiaları araşdırırlar. Biz milli təhlükəsizliyimizə xələl gətirən əməkdaşlığı qəbul etməyəcəyik", - Sunak parlamentdəki çıxışında deyib.

Məlumata görə, təhqiqata Müdafiə Nazirliyi, Xarici İşlər Nazirliyi, Biznes və Ticarət Departamenti, Elm, İnnovasiya və Texnologiya Departamenti və Böyük Britaniyanın vergi, ödənişlər və gömrük orqanı olan HMRC rəsmiləri cəlb olunacaq.

Qeyd edək ki, İran istehsalı olan pilotsuz uçuş aparatlarının Rusiya tərəfindən Ukraynadakı müharibəsində istifadə edilməsi ilə əlaqədar Böyük Britaniyanın “Jewish Chronicle” qəzeti bu ayın əvvəlində Britaniya alimlərinin pilotsuz təyyarələrin mühərriklərini təkmilləşdirmək və onların güclərini artırmaq üçün tədqiqatlara cəlb edildiyini bəzilərinin isə İran hökuməti tərəfindən maliyyələşdirildiyini bildirmişdi.