Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan parlamentin növbədənkənar seçkilərin keçirilməsinə qərar verəcəyi təqdirdə yenidən dövlət başçısı postu uğrunda mübarizə apara biləcək. 

İqtisadiyyat.az xəbər verir ki, bu fikri Türkiyənin keçmiş ədliyyə naziri Bəkir Bozdağ Ərdoğanın qarşıdan gələn bələdiyyə seçkilərinin onun son seçkisi olacağı ilə bağlı daha əvvəl verdiyi açıqlama ilə bağlı deyib.

"Bu seçkilər, prezidentimizin dediyi kimi, onun son seçkiləridir. Çünki konstitusiyaya görə, prezidentlik müddəti beş ildir və bir şəxs maksimum iki dəfə prezident seçilə bilər. Ancaq konstitusiyaya görə, parlament növbədənkənar seçki keçirmək barədə qərar verərsə, o zaman Ərdoğan üçüncü dəfə namizəd olmaq hüququ qazanacaq", - Bozdağ "X" hesabında yazıb. Lakin onun sözlərinə görə, bundan sonra nə baş verəcəyini və hansı qərarların qəbul oluna biləcəyini proqnozlaşdırmaq mümkün deyil.