ABŞ-də prezident seçkilərində Donald Trampın qalib gəlmə ehtimalının artması və ABŞ Federal Ehtiyat Sisteminin sədri Cerom Pauellin “göyərçin” mesajları ilə "Bitcoin" kriptovalyutasının qiyməti 65 min dollara yaxınlaşıb.

İqtisadiyyat.az "Coinmarketcap" platformasına istinadən xəbər verir ki, qlobal kriptovalyuta bazarının dəyəri yenidən 2 trilyon dollardan yuxarı qalxsa da, ən böyük kriptovalyuta olan "Bitcoin"in qiyməti son 24 saat ərzində iyunun sonundan bəri ilk dəfə olaraq tənzimləmələrin yumşaldılması ümidi ilə 65.000 dollara yaxınlaşıb.

Bazar dəyərinə görə ikinci yerdə olan “Ethereum”un qiyməti isə 3400 dolların altında qalıb.

Analitiklər bildiriblər ki, həm ABŞ-də yeni investisiya alətlərinin təsdiqinin yaxınlaşması, həm də noyabrın əvvəlində keçiriləcək prezident seçkilərindən sonra Trampın Ağ Evə rəhbərlik etmə ehtimalının artması kriptovalyuta bazarında müsbət hal kimi qiymətləndirilir.

Hazırda investorların Respublikaçılar Partiyasının namizədi Donald Trampın hakimiyyətə qayıtmasını gözlədiklərini ifadə edən analitiklər, Trampın son vaxtlar özünü kriptovalyuta dostu kimi göstərdiyi üçün sektorun gələcəkdə daha az məhdudlaşdırıcı tənzimləmələrə ümid edildiyini qeyd ediblər.

 

Sadiq Cavadov