"Sakinlər birotaqlı mənzili rahat şəkildə ikiotaqlı mənzilə çevirə bilərlər".

Bu sözləri əmlak bazarında birotaqlı mənzil qıtlığının səbəblərinə toxunan əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev İqtisadiyyat.az-a açıqlamasında deyib.

 

 

Onun sözlərinə görə, birotaqlı mənzillərin kirayə verilməsi fonunda daha çox gəlir əldə etmək mümkündür. Ona görə də bazarda sözügedən mənzillərin alışına tələbat çoxdur:

"Bu gün köhnə çoxmənzilli binalara nəzər salsaq, yalnız 9 mərtəbəli binaların birinci və sonuncu bloklarında birotaqlı mənzillər var. Orta bloklarda isə mənzillər ikiotaqdan başlayır. Beşmərtəbəli binalarda hər blokda 1, 2 və 3 otaqlı mənzillər mövcuddur.  Bəzi arxitektura obyektlərdə isə  ümumiyyətlə, birotaqlı mənzillər nəzərdə tutulmayıb. Yeni tikililərdə isə birotaqlı mənzilə tələbat həddindən artıq çoxdur. Çünki bu evləri alıb kirayə verirlər. Hazırkı şəraitdə satışda iki, üç və dördotaqlı mənzillərin sayı daha çoxdur. Lakin bu mənzillərin qiyməti baha olduğuna görə tələbat çox aşağıdır". 

Ekspert qeyd edib ki, istismar müddətini bitirmiş 9 mərtəbəli binalarda birotaqlı mənzillər ipoteka predmentinə çevrildiyinə görə satışa çıxarılan kimi satılır:

"Sökülmə ehtimalı olan 3, 4 və 5 mərtəbəli binalarda bir və ikiotaqlı mənzillər isə yatırım kimi alınır. Çünki həmin binalar söküləndə sakinlərə sahəsi daha geniş olan və təmirli mənzillər veriləcək. Birotaqlı "xuruşovka" mənzilin ümumi sahəsi 30 kvadratmetrdisə, söküldüyü zaman yeni tikili binada verilən birotaqlı mənzilin ümumi sahəsi daha geniş olur. Ona görə də sakinlər birotaqlı mənzili rahat şəkildə ikiotaqlı mənzilə çevirə bilərlər".

Gülşən Şərif