Biləsuvar rayonunda baş verən yanğın nəticəsində iki nəfər xəsarət alıb.

İqtisadiyyat.az xəbər verir ki, hadisə rayonun Xırmandalı kəndində, 1959-cu il təvəllüdlü Nabil Şahmarova məxsus fərdi yaşayış evində qeydə alınıb.

Belə ki, ailə üzvləri evdə olarkən yanğın qəfildən evin damında başlayıb. Daha sonra evdə olanlar yanğını özləri söndürməyə cəhd ediblər. Hadisə yerinə Biləsuvar rayon yanğından mühafizə hissəsinin əməkdaşları və texnikası cəlb olunub. Onlar ailənin gəlini olan 1997-ci il təvəllüdlü X.Şahmarovanı yanğından xilas ediblər. Lakin qadın qollarından və tənəffüs yollarından ağır yanıq xəsarətləri alıb.

Qadına Biləsuvar Rayon Mərkəzi Xəstəxanasında ilkin tibbi yardım göstərilib, daha sonra vəziyyəti ağır olduğu üçün Bakı Yanıq Mərkəzinə təxliyə edilib.

Məlumata görə, yanğın nəticəsində ev sahibi də yanıq xəsarətləri alıb.

Faktla bağlı araşdırma aparılır.