Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) və Hindistan beynəlxalq pul köçürmələrində dirhəm və rupidən istifadə haqqında saziş imzalayıb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) yerləşən ingilisdilli “The National” nəşri məlumat yayıb.

Xəbərdə Mərkəzi Bank rəhbərlərinin BƏƏ prezidenti Məhəmməd bin Zayed Əl Nəhyan və Hindistanın baş naziri Narendra Modinin iştirakı ilə saziş imzaladığı bildirilib.

Müvafiq olaraq, “Yerli Valyutadan İstifadə Sistemi” yaradılacaq və qarşılıqlı pul köçürmələri üçün Hindistan rupisi və BƏƏ dirhəmi istifadə olunacaq.

“Müqavilə bütün mövcud hesabların köçürülməsini və nizamnamə kapitalının transferini əhatə edir”, - məlumatda deyilir.

Razılaşmaya əsasən yaradılmış birgə komitənin işinə uyğun olaraq, qeyri-neft ticarəti sazişinin 2030-cu ilə qədər 100 milyard dollara çatdırılmasının hədəfləndiyi bildirilib.