Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Səudiyyə Ərəbistanı, Qətər və Birləşmiş Ərəb Əmirliklərini (BƏƏ) əhatə edən Körfəz turu çərçivəsində Xarici İqtisadi Əlaqələr Şurası (DEİK) tərəfindən həyata keçirilməsi planlaşdırılan iş forumlarının üçüncüsü Abu Dabidə "Emirates Palace Mandarin Oriental" otelində başlayıb.

İqtisadiyyat.az xəbər verir ki, biznes forum iki ölkədən başda daşınmaz əmlak, müqavilə, sənaye, kənd təsərrüfatı, qida və bankçılıq olmaqla bir çox sektordan iş adamlarını bir araya gətirib.

Tədbirin açılışında çıxış edən DEİK Türkiyə-BƏƏ İş Şurasının sədri Tevfik Öz iki ölkə arasında son 2 ildə istər investisiya, istərsə də kommersiya fəaliyyətləri çərçivəsində inanılmaz bir sürətlə əməkdaşlığa başlanıldığını bildirib.

"BƏƏ son 2 ildə bankçılıq, limanlar, logistika, səhiyyə və qida kimi sahələrdə etdiyi sərmayələr sayəsində demək olar ki, inanılmaz bir sürət ilə ölkəmizdə ilk 5-ə daxil oldu", - Öz qeyd edib.

Mərasimdə iştirak edən bir sıra səlahiyyətlilər açılış çıxışı edib. 

Açılış çıxışlarından sonra iki ölkənin investisiya imkanları təqdimatlarla iştirakçılara izah edilib.

Prezident Administrasiyasının İnvestisiya Şöbəsindən Rəhim Albayrak “Türkiyədə İnvestisiya İmkanları” adlı təqdimatla çıxış edərkən, BƏƏ Beynəlxalq Biznesin İnkişafı və Ticarətin İnkişafı Departamentinin direktoru Rashed Al Teneiji BƏƏ-nin investisiya ekosistemi barədə məlumatlarını bölüşüb.