Amerika administrasiyası 2025-ci maliyyə ili üçün federal büdcə layihəsinə Kiyevə yardım üçün 61,4 milyard dollar ayrılması ilə bağlı ABŞ Konqresinə əvvəlki müraciətini daxil edib. 

İqtisadiyyat.az xəbər verir ki, artıq 2025-ci ilin büdcə layihəsi Ağ Ev tərəfindən açıqlanıb və baxılmaq üçün Konqresə göndərilib.

Sənəddən belə çıxır ki, Konqres bu fövqəladə müraciətə əməl etməsə, Birləşmiş Ştatlar Ukraynaya lazımi yardımı göstərə bilməyəcək.

Eyni tələbin bir hissəsi olaraq administrasiya terrorizmlə mübarizədə İsrailə dəstək üçün 14,3 milyard dollar və Fələstin əhalisi də daxil olmaqla humanitar yardım üçün 10 milyard dollar istəyir.

Amerika Dövlət Departamentinin mətbuat xidmətinin bəyanatında qeyd edilib ki, büdcə layihəsində Kremlin təcavüzünün qarşısını almaq üçün 1,5 milyard dollar və Ukrayna üçün 482 milyon dollar əlavə vəsait tələbi də var. 

Dövlət Departamenti həmçinin qeyd edir ki, Avropa, Avrasiya və Mərkəzi Asiyada daha 999 milyon dollar Rusiya və Çinin bu regionlardakı təsirinə qarşı istifadə olunacaq.