ABŞ prezidenti Co Bayden devrilmiş Niger prezidenti Məhəmməd Bazum və ailəsinin dərhal azad edilməsinə və bu ölkənin “çətinliklə qazanılmış demokratiyasının” qorunub saxlanmasına çağırıb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Bayden Nigerin müstəqilliyinin 63-cü ildönümü münasibətilə mesaj yayıb.

O, Niger demokratiyasının ciddi bir problemlə üzləşdiyini qeyd edib: "Bu kritik anda Birləşmiş Ştatlar ortaq demokratik dəyərlərə və mülki idarəetməyə dəstəyimiz əsasında qurulan, onilliklər boyu davam edən tərəfdaşlığımıza hörmət edərək, Niger xalqının yanındadır".

Bayden bildirik ki, Niger xalqı öz liderlərini seçmək hüququna malikdir, xalq azad və ədalətli seçkilərdə öz iradəsini ifadə edib və buna hörmət edilməlidir.

Digər tərəfdən Ağ Ev ABŞ-nin Milli Təhlükəsizlik Müşavirinin müavini Con Finerin dünən Qabon və Nigeriyaya getdiyini açıqlayıb. Finer Nigeriyada prezident Bola Əhməd Tinubu ilə Nigerdəki son hadisələr də daxil olmaqla regional təhlükəsizlik məsələlərini müzakirə edib.