“Bank VTB Azərbaycan” 2024-cü ilin birinci yarımili üzrə maliyyə hesabatını açıqlayıb.

İqtisadiyyat.az banka istinadən xəbər verir ki, 2024-cü ilin yanvar-iyun ayları ərzində “Bank VTB Azərbaycan”ın xalis mənfəəti ötən ilin müvafiq dövrü ilə müqayisədə 17.8% azalaraq 4 milyon 720 min manat təşkil edib. 2023-cü ilin müvafiq dövründə bank 5 milyon 447 min manat xalis mənfəət əldə etmişdi.

Hesabat dövründə bankın xalis faiz gəlirləri 8.4% artaraq 10 milyon 255 min manat təşkil edib. Bu dövrdə bankın qeyri-faiz gəlirləri 6 milyon manata ( illik müqayisədə 91.7% çox ), qeyri-faiz xərcləri isə 14 milyon manata ( illik müqayisədə 16% çox) bərabər olub. Beləliklə bank bu dövrdə 2 milyon 233 min manat əməliyyat mənfəəti əldə edib. Bankın 4 milyon 720 min manat xalis mənfəət əldə etməsinin səbəbi əməliyyat məmfəəti ilə əlaqədar deyil, mümkün zərərlər üçün yaradılan ehtiyatdan qayıdan 2 milyon 488 min manat vəsait ilə əlaqədardır.

Cari ilin iyul 1-nə bankın aktivləri ilin əvvəli ilə müqayisədə 15.8% və ya 39.6 milyon manat artaraq 289 milyon 498 min manata yüksəlib. Cari ilin ilk 6 ayında “Bank VTB Azərbaycan”ın kredit portfeli (müştərilərə verilmiş kreditlər) 14% və ya 26.5 milyon manat artaraq 213 milyon 613 min manata çatıb. Bankın kredit portfelində istehlak kreditləri 89 milyon manat ,biznes kreditləri 71.2 milyon manat, daşınmaz əmlak kreditləri isə 53.4 milyon manat təşkil edib.

Bu dövrdə “Bank VTB Azərbaycan”ın cəmi öhdəlikləri 193 milyon 432 min manat təşkil edib ki, bu da ilin əvvəlinə nisbətən 21.8% və ya 34.6 milyon manat çoxdur. Bankın depozit portfeli də cari ilin ilk 6 ayında 23.5% və 21 milyon manat artaraq 110.4 milyon manata yüksəlib.

Mərkəzi Bank və dövlət fondları qarşısındakı öhdəlikləri isə 52.7 milyon manatdan altı ay ərzində 58.9 milyon manata yüksəlib.

2024-cü il iyul ayının 1-nə “Bank VTB Azərbaycan”ın cəmi kapitalı ilin əvvəli ilə 5.5% və ya 5 milyon manat artaraq 96 milyon 66 min manat təşkil edib.

Qeyd edək ki, 315 milyon 815 min manat nizamnamə kapitalı olan bankın yığılmış zərəri isə 221.5 milyon manata bərabər olub.