Bu gün Bakıda yerləşən bir çox kafe və restoranlarda müştəri məmuniyyətinə uyğun olmayan tələblər var. Belə tələblərdən biri də müştəriyə yemək və ya çay sifariş etməyindən asılı olmayaraq, müəyyən vaxt limitinin tətbiq olunmasıdır. Bəzi restoran əməkdaşlarına görə, bu limitin təyin olunması müştəri sıxlığının qarşısını almaq və digər müştərilərin vaxtına girməmək üçün tətbiq olunur. Bütün hallarda isə vaxt limitinin qoyulması və ya sadəcə çayın yanında dəstgahın sifariş edilməsinin məcburi olması şəhər sakinlərinin narazılığına səbəb olur. Bəs görəsən, restoranlarda vaxt limitinin tətbiqi qanunidirmi?

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov İqtisadiyyat.az-a açıqlamasında deyib ki, vaxt limiti ilə bağlı qanunvericilikdə hər hansı bir qayda yoxdur.

Restoranlar şəbəkəsinin fəaliyyətini tənqid edən təşkilat sədrinin sözlərinə görə, bəzi kafe və restoranlarda müştərinin simasından xoşları gəlmirsə, onlara xidmət etməkdən imtina edilir. E.Hüseynov bildirir ki, bu sahə üzrə xidmət sektorunda əcaib qaydalar mövcuddur:

"O cümlədən, Azərbaycanda turizmin inkişafına böyük zərbə vuran amillərdən biri də çay dəstgahı təklifidir. Hansı ki, müştəri 50 manatlıq bu dəstgahı istəmədikdə, ona çay verilmir. Bu sahəyə nəzarət edən Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti isə məsələyə ciddi yanaşmır. Qurumdan bildirilir ki, istehlakçıya hansı formada davranmaq obyektin şəxsi seçimidir. Bu, olduqca yanlış mövqedir".

Kafe və restoranlarda vaxt limitinin təyin olunmasına gəlincə, E.Hüseynov bununla bağlı qanunvericilikdə hansısa maddənin olmadığını qeyd edib: "Müvafiq qurumların bu məsələyə diqqət göstərməməsi istehlakçıların başına bu cür xoşagəlməz halların gəlməsinə səbəb olur. Müştəriyə vaxt limitinin qoyulması doğru yanaşma deyil. Elə şərait yaradılmalıdır ki, müştəri məmnuniyyəti təmin olunsun. Bir çox hallarda istehlakçıların hüquqları kifayət qədər qorunmur. Ona görə də kafe və restoranların xidməti ilə bağlı yeni qaydaların tətbiqinə ehtiyac var. 1995-ci ildə “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında" Qanun qəbul olunub və sonrakı dövrdə 7 dəfə dəyişiklik edilib. Təəssüf ki, bu dəyişikliklərin hər biri istehlakçıların zərərinə olub. Biznes qurumları üçün yaradılan toxunulmazlıq istehlakçıların hüquqlarının pozulmasına yol açıb. Bu vəziyyətə son qoyulmalıdır”.

Məsələyə hüquqi tərəfdən yanaşan hüquqşünas Ellada Bayramova isə İqtisadiyyat.az-a açıqlamasında bildirib ki, kafe və restoranlarda müştərilərə vaxt limitinin təyin olunması qanunaziddir. 

Onun sözlərinə görə, pandemiya, fövqəladə hallar və digər fors-major hallarda tətbiq olunan qadağalar istisna olmaqla, digər hallarda müştərinin hərəkətinə məhdudiyyət qoyulması qanun pozuntusudur:

"Müştərinin uzun müddət restoranda oturması xidmət sahəsinin qaydalarında öz əksini tapır. Təəssüf ki, ölkəmizdə xidmət sahəsində böyük boşluqlar var. Yəni xidmət səviyyəsinin şərtləri müştəri ilə münasibətdə açıq şəkildə bildirilmir. Bunu təkcə kafe və restoranlar sahəsində deyil, alış-veriş zamanı da görmək mümkündür. İaşə obyektlərinin müştəriyə vaxt limiti təyin etməsi bir növ müştərini məkandan qovmaq sayılır. Bu, sahibkarın biznesi üçün də çox mənfi göstəricidir. Bununla yanaşı, məkan yalnız iş saatının bağlanması fonunda müştəriyə məlumat verə bilər. Əgər restoran axşam saat 12-yə kimi işləyirsə və müştəri hələ də oturubsa, bu halda müştəriyə iş qrafiki barədə məlumat vermək olar. Digər hallar isə bu, istehlakçının hüquqlarını pozmaq deməkdir. Qnunvericilikdə müştərinin harada və neçə saat oturması ilə bağlı qayda yoxdur".

 

Gülşən Şərif