“Son 10 il ərzində 20-dən artıq tikinti şirkətinin rəhbəri cinayət məsuliyyətinə cəlb olunub”.

İqtisadiyyat.az xəbər verir ki, bu sözləri tikinti subyektləri arasında vahid müqavilə formalarının tətbiqi və bu sahədə mübahisələrin mediasiya vasitəsilə həllinə dair keçirilən mətbuat konfransında tikinti sektorundakı cinayət hallarına toxunan Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin sədri Zahid Oruc deyib.

Onun sözlərinə görə, tikinti sahəsində  kriminallaşmaya meyl edən qurumlar və qanunsuz hərəkətlər az deyil:

“Eyni mənzilin bir neçə nəfərə satılmasına görə azadlıqdan məhrum edilən müxtəlif statuslu şəxslər mövcuddur. Cəzalandırma tədbirlərinə əsasən, 2010-cu ildən sonra başlanıb. 2017-ci ilin iyulunun 1-dən Mənzil Tikinti kooperativlərində satış qaydalarını dəyişməsinə dair, yəni ilkin ödənişdən, mərhələli qarşılıqlı öhdəliklərin yerinə yetirilməsinə qədər yeni qaydalar təsdiqlənib. Lakin problem sonadək həllini tapmayıb. Ona görə də mənzil almaq istəyən vətəndaşı aldanmaqdan sığortalamaq və daşınmaz əmlakın yalnız ona satıldığının hüquqi təminatı olmalıdır. Başqa ölkələrdə yoxlama üçün reyestr-sənədlərin və əmlakın qeydiyyat bazası mövcuddur. 

Qeyri-rəsmi məlumatlara görə, bir mənzilin bir neçə şəxsə satılması cinayətinin qurbanı olan şəxslərin sayı 5250 nəfərdir. Onu da bildirim ki, Azərbaycandan Avropa Məhkəməsinə müraciətlərin 90 faizə qədəri mülkiyyət hüquqları ilə bağlıdır”.

Qeyd edək ki, konfrans Kiçik və Orta Biznesin İnkişafı Agentliyi, Sosial Tədqiqatlar Mərkəzi, Mediasiya Şurası və Azərbaycan Tikinti İstehsalçıları Assosiasiyasının birgə təşkilatçılığı ilə keçirilir.

Gülşən Şərif