Son zamanlar məktəblərdə intihar hallarının artması, müəllim-şagird münasibətindəki xoşagəlməz hallar gündəmdədir. Bu kimi vəziyyətlərdə valideynlər müəllimləri, məktəbi, müəllimlər isə valideynləri günahlandırır. Bəs burada əsas məsulyyət kimin üzərinə düşür və psixoloji gərginliyi artıran hansı səbəblərdir?

Məsələylə bağlı psixoloq İbrahim İbrahimov “Yeni Sabah”a açıqlamasında bildirib ki, məktəblərdə uşaqların intiharının, müəllim-şagird münasibətlərindəki gərginlik və ya xoşagəlməz halların hamısının psixoloji səbəbləri var:

“Məktəblərdəki vəziyyətlə bağlı günah nə müəllimlərdə, nə də valideynlərdədir.  Burada əsas məsələ məktəbdəki psixologiya işinin quruluşunda və psixoloqların işləməyindədir. Bildiyimiz kimi bu gün məktəblərdə psixoloqlar əksər vaxt qeyri-psixologiya sahəsindən olan insanlardır. Eyni zamanda, “Məktəblinin dostu” layihəsi də var. Onun da nə dərəcədə effektiv olduğu artıq intiharların sayıyla üzə çıxır. 

Bütün bunlar onu göstərir ki, məktəblərdə psixologiya işinin təşkili, psixoloq ştatının düzgün müəyyən olunmaması psixoloji vəziyyəti gərginləşdirir və intiharların  sayını artırır. Əgər şagirdin motivasiyası yoxdursa, dərs oxumaq istəmirsə, bunun altında yatan səbəblər var. Uşaq ya depressiyadadır, ya da gələcəyini təhsil sahəsində, universitetdə görmür”.

İ.İbrahimov bildirib ki, bu kimi halları məktəb psixoloqları araşdırmalıdır:

“Bu kimi halları psixoloq üzə çıxarda bilər. O, altda yatan səbəbləri araşdırıb məsələyə uşağın valideynini cəlb edə və ya müəllimə şagirdin xarakteri haqqında məlumat verə bilər. Eyni zamanda depressiyada olan şagird izlənməlidir. Bilirik ki, depressiyada olan şagirdə heç vaxt “Dərs oxu” demək və ya daha çox yükləmək  olmaz. Onsuz da o insan psixoloji olaraq yüklənib. Burada  yanaşmalar fərqli olmalıdır. Müəllim və valideynlərin də psixoloji bilikləri vacibdir, amma bütün bunları məktəbdə aparan bir işçi var, onun da adı psixoloqdur. Bu nə dərəcədə effektiv işləyir, ümumiyyətlə bu ştat varmı? Bəzən insanlar məktəbdə adını psixoloq kimi yazdırıb heç məktəbə getmirlər. Yəni bu kimi hallar məktəbdəki psixoloji gərginliyin, intihar hallarının çoxalmasına gətirib çıxardır”.