İnformasiya texnologiyalarının sürətli inkişafı yeni reallıqların meydana gəlməsinə səbəb olur. Son illər leksikamıza daxil olan “blokçeyn”, “kriptovalyuta” kimi anlayışlara artıq alışırıq. Blokçeyn texnologiyası və kriptovalyuta ilə bağlı maraq doğuran bəzi suallara bank mütəxəssisi Bəxtiyar Məmmədov aydınlıq gətirir.

“Blokçeyn” ingilis dilindən tərcümədə bloklardan ibarət zəncir deməkdir. Yəni blokçeyn elə bir məlumat bazasıdır ki, ora yalnız informasiyanı daxil etmək olur, orada təsdiqlənmiş informasiyanı dəyişmək və ya silmək isə mümkün deyildir. Kriptovalyuta rəqəmsal pulun bir növüdür. Kriptovalyutanın əsas cəhətləri ondan ibarətdir ki, fiziki kağız formasında mövcud olmur, adətən, mərkəzləşmiş bir struktura malik deyil, nəzarət isə yalnız ictimaidir. Obrazlı desək, çox sayda şəxs hər hansı alqoritmlər vasitəsilə formalaşdırılmış və əvvəlcədən müəyyən edilmiş qanunauyğunluqlara tabe olan məhdud sayda rəqəmsal açarları pul kimi qəbul edir, əksər hallarda onun paylanmış (mərkəzləşməmiş) şəkildə kompüter şəbəkəsində saxlanması təmin edilir, tranzaksiyaların qeydiyyatı isə ictimai konsensusa əsaslanır. Kriptovalyutalarda, adətən, blokçeyn texnologiyasından istifadə edilir. Kriptovalyutanın məzənnəsini isə bazar tənzimləyir, məzənnə tələb, təklif və digər faktorlara əsasən tənzimlənmiş olur. Kriptovalyutanın əsas mənfi tərəflərindən biri budur ki, burada dövlət nəzarətinin həyata keçirilməsi bir qədər çətindir.

Kriptovalyutalar son dövrlərdə yarandığından bir çox ölkələrdə kriptovalyuta əməliyyatları vergidən yayınır. Lakin inkişaf etmiş ölkələrdə müəyyən tənzimləmələr həyata keçirilməkdədir. Misal üçün, ABŞ qanunvericiliyinə əsasən, kriptovalyuta əməliyyatları vergi məqsədlərinə daxil edilmişdir. Virtual pul əmlak (aktiv) hesab edilir və onun vergiyə cəlb edilməsi qanunvericilikdə öz əksini tapır. Məsələn, əgər biz 20 dollar xərcləyərək kriptovalyuta alsaq, daha sonra həmin kriptovalyutanın dəyəri 150 dollara qədər artsa və biz bu kriptovalyuta ilə hər hansı alış həyat keçirsək, yaxud həmin kriptovalyutanı satsaq, qanunvericilik bizim 130 dollar qazandığımızı müəyyənləşdirir və bizdən bunun vergisini ödəməyi tələb edir.

Kanadada da kriptovalyuta ilə əməliyyatlar vergiyə cəlb olunur. Kanada qanunvericiliyinə əsasən, hər hansı əmtəənin alışı kriptovalyuta ilə həyata keçirilirsə, bu barter əməliyyatı hesab edilir. Barter əməliyyatlarından isə vergi tutma ilə bağlı xüsusi müddəalar mövcuddur və kriptovalyuta ilə aparılan əməliyyatlarda bu müddəalar tətbiq edilir.

Avropa Birliyi ölkələrində də dövri olaraq vergi qanunvericiliyinə kriptovalyutalarla əməliyyatlara dair dəyişikliklər edilir. Avropada kriptovalyutalarla əməliyyatlardan əsasən 3 növ vergi tutulur:

- kapital əldə etməyə görə vergi;

- gəlir əldə etməyə görə vergi;

- valyutadəyişmə üçün əlavə dəyər vergisi.

Lakin bu, bütün Avropa ölkələrinə aid deyil, hər bir Avropa ölkəsi üçün qanunlar fərqlidir.

Ölkəmizdə isə Vergi Məcəlləsində kriptovalyutalarla bağlı, eləcə də kriptovalyutanın hər hansı növ aktiv hesab edilməsi ilə bağlı konkret müddəalar nəzərdə tutulmamışdır. Lakin Azərbaycan qanunvericiliyinə əsasən, şəxs hər hansı əməliyyatdan gəlir əldə edirsə, 14% vergiyə cəlb edilir. Bu o deməkdir ki, kriptovalyuta əməliyyatlarından gəlir əldə edilirsə, bu halda gəlir əldə edən şəxs vergi ödəməlidir.

Burada daha bir çətinlik də vardır ki, kriptovalyutalarla baş verən əməliyyatların ölkədə izlənməsi mexanizmi mövcud deyildir. Belə düşünürəm ki, vergi qanunverciliyində müəyyən təkmilləşdirmələrin aparılması, kriptovalyutanın müəyyən bir aktiv kimi tanınması, həmçinin kriptovalyutalarla əməliyyatlar zamanı hansı növ verginin hansı halda tutulmasının daha aydın qeyd olunması gələcək üçün daha bir addımın atılması olardı. Kriptovalyutaların gələcəkdə nə qədər irəli gedəcəyi qeyri-müəyyən olsa da, faktiki olaraq bu gün kriptovalyuta əməliyyatları dünyanın “kölgə iqtisadiyyatı”nda müəyyən yer tutur.