Bu gün Rusiyanın Sankt-Peterburq şəhərində XXIII Beynəlxalq İqtisadi Forum işə başlayıb. 

"Report"bun Rusiya bürosunun məlumatına görə, iqtisadçıların bir araya gəldiyi tədbir iyunun 8-nə qədər davam edəcək. 

Artıq Rusiyanın şimal paytaxtında rəsmi görüşlərlə yanaşı mədəni proqramlar da baş tutmaqdadır. Forumun rəsmi açılış mərasimi isə sabah baş tutacaq. Mərasimdə BMT-nin baş katibi Antonio Quterreş, Moldova prezidenti İqor Dodon, Rusiyanın baş nazirinin I müavini və maliyyə naziri Anton Siluanov iştirak edəcəklər.

Sankt-Peterburqun qubernatoru vəzifəsini icra edən Aleksandr Beglov isə forumun iştirakçılarını və qonaqlarını salamlayacaq.

Tədbirdə 75 ölkədən gələn 275 şirkət edəcək. Ümumilikdə 15 mindən artıq beynəlxalq, xarici və yerli iştirakçı gözlənilir.

Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunun əsas hissəsi Rusiya prezidenti Vladimir Putinin, Çin sədri Si Çizinpinin, Bolqarıstan prezidenti Rumen Radyevin və Slovakiyanın baş naziri Peter Pelleqrinin də qatılacağı plenar sessiya olacaq. Sessiyada, həmçinin, A.Quterreş iştirak edəçək. Sessiyanın moderatoru jurnalist və televiziya aparıcısı Sofiko Şevardnadze olacaq.

Bu il forum "Davamlı inkişaf gündəmini müəyyən etmək" devizi altında keçirilir. Beynəlxalq iqtisadi birliklərin transformasiyası, artan sosial bərabərsizlik, qeyri-sabit ticarət və siyasi münasibətlər dünya iqtisadiyyatına təsir göstərməyə davam edir. Bu baxımdan, qlobal iqtisadiyyatın davamlı inkişafının hazırkı vəziyyəti və gələcək perspektivləri xüsusilə aktualdır. Həm də, Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumu dünyada baş verən trendlər, iqtisadi inkişaf istiqamətləri, eyni zamanda tətbiq olunan yeni iqtisadi mexanizmlər barədə müzakirələrin aparılması üçün gözəl platformadır.

Bu ilki forum yeniliklər baxımından da fərqlənəcək. Qonaq dövlət qismində Çin iştirak edəcək, naviqasiya sistemləri Çin dilində də əksini tapacaq. Həmçinin, iki tərəfli görüşlərin keçirilməsi üçün də ayrılan otaqların sayı iki dəfə artırılacaq. Bundan başqa, iştirakçıların forumda rahatçılığı üçün təşkilatçılar bir çox islahatlar aparıb.

Bu il Forumda Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayevin rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edir. 

Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumu 1997-ci ildən keçirilir, 2006-cı ildən isə Rusiya prezidentinin himayəsi və iştirakı ilə baş tutmaqdadır. Forum biznes nümayəndələri arasında ünsiyyət yaratmaq üçün bir platforma olmaqla yanaşı, Rusiya, inkişaf etməkdə olan iqtisadiyyatlar, ümumiyyətlə, dünya qarşısında duran mühüm iqtisadi məsələlərin müzakirə olunduğu məkandır.