Azərbaycan və Dünya Bankı (DB) bankın ölkə üzrə yeni strategiyasında prioritet istiqamət və sferalarla bağlı müəyyən razılaşma əldə ediblər.

İqtisadiyyat.az bildirir ki, bu barədə bu gün Azərbaycan Respublikası iqtisadiyyat nazirinin müşaviri Əsgər Ələkbərov Azərbaycana texniki yardım proqramının reallaşdırılmasına həsr olunmuş tədbirdə deyib.

"Biz Dünya Bankı ilə yeni strategiyanın müzakirəsinə başlamışıq. Burada prioritet istiqamət və sferalar üzrə artıq müəyyən razılaşma əldə etmişik. İnanıram ki, Azərbaycana texniki yardım proqramı ən qısa zamanda qoyulan məqsədlərin əldə olunmasına xidmət edəcək", - o əlavə edib.

Ə.Ələkbərov Azərbaycanın Avropa Komissiyası ilə iqtisadi və investisiya əməkdaşlığı çərçivəsində layihələr müzakirə etməkdə olduğunu qeyd edib.

Onun sözlərinə görə, tərəflərin bu əməkdaşlıq çərçivəsində reallaşdıra biləcəkləri prioritet istiqamət və layihələrin müəyyən edilməsi üzrə işlər aparılır.

Qeyd edək ki, Azərbaycana texniki yardım proqramı Avropa İttifaqı (Aİ) tərəfindən maliyyələşdirilir, reallaşdırılması isə Dünya Bankına həvalə olunub.