Koreyanın Seul şəhərində “SEOUL ADEX 2023” Beynəlxalq Aerokosmik və Müdafiə Sərgisi keçirilir.

İqtisadiyyat.az xəbər verir ki, Koreya Ticarət və İnvestisiyaların Təşviqi Agentliyinin (KOTRA) təşkilatçılığı, Koreya Aerokosmik Sənaye Assosiasiyası (KAIA) və Koreya Müdafiə Sənayesi Assosiasiyasının (KDIA) dəstəyi ilə keçirilən sərgidə Azərbaycanın müdafiə sənayesi naziri Mədət Quliyevin rəhbərlik etdiyi nümayəndə heyəti də ziyarətçi qismində iştirak edir.

Silah, sursat, hərbi texnika, təhlükəsizlik sistemləri, PUA-lar, təyyarələr, helikopterlər, nəqliyyat vasitələri, naviqasiya sistemlərinin nümayiş etdirildiyi sərgini ziyarət edən nazir yeni texnologiyalar və innovativ yeniliklərlə tanış olub.

Sərgi çərçivəsində müdafiə sənayesi naziri Mədət Quliyev koreyalı həmkarı Eom Donghvan ilə görüşüb.

Görüş zamanı müdafiə sənayesi sahəsində əldə olunan texnoloji yeniliklər haqqında danışılıb, Azərbaycan və Koreya arasında hərbi-texniki sahədə əlaqələrin vəziyyəti, gələcək əməkdaşlıq perspektivləri müzakirə edilib və hər iki ölkədə keçirilən beynəlxalq müdafiə sərgilərində qarşılıqlı iştirak barədə razılığa gəlinib.

Qeyd edək ki, sərgi oktyabrında 22-də yekunlaşacaq.