Sabah Energetika naziri Pərviz Şahbazov Dünya Neft Şurasının növbəti iclası və 6-cı Gənclər Forumunda iştirak etmək üçün Rusiyanın Sankt-Peterburq şəhərinə səfər edəcək. 

Bu barədə Energetika Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, 62 üzvdən ibarət Dünya Neft Şurasının iclasında Azərbaycan geniş nümayəndə heyəti ilə təmsil olunacaq. Tədbirdə nazirin çıxışı, neft ölkəsi kimi Azərbaycanın tarixi və müasir inkişafından bəhs edən videoçarx və təqdimatların nümayişi nəzərdə tutulub. Həmçinin Dünya Neft Şurası üzvlərini ölkəmiz barəsində daha ətraflı məlumatlandırmaq məqsədi ilə Azərbaycan xüsusi stendlə təmsil olunacaq.

İclas çərçivəsində Dünya Neft Şurasının 2023-cü ildəki 24-cü Dünya Neft Konqesinə ev sahibliyi edəcək ölkə də müəyyənləşdiriləcək. 2005-ci ildən Dünya Neft Şurasında təmsil olunan Azərbaycan da tədbirin ev sahibliyinə 5 namizəd ölkədən biridir.

İyunun 23-də isə P.Şahbazov Dünya Neft Şurasının təşkilatçılığı və Rusiyanın Energetika Nazirliyinin dəstəyi ilə keçirilən 6-cı Gənclər Forumunda iştirak edəcək. Forumda “Enerji transformasiyası, gələcəyin enerji xəritəsi” mövzusunda Rusiyanın energetika naziri Aleksandr Novakla yanaşı, P.Şahbazov da çıxış edəcək.

Qeyd edək ki, dünyanın müxtəlif ölkələrində üç ildən bir keçirilən forum neft-qaz sahəsində gənc mütəxəssislər, ekspertlər və şirkətlərin təcübələrini bölüşdüyü beynəlxalq platforma hesab edilir.