Azərbaycan-Türkiyə müttəfiqliyi bölgədə sabitliyin qorunmasının əsas faktorudur.

İqtisadiyyat.az xəbər verir ki, bunu bu gün xarici işlər naziri Ceyhun Bayramov Türkiyə xarici işlər naziri Hakan Fidanla birgə keçirilən mətbuat konfransında bildirib.

Ceyhun Bayramov deyib ki, 19-20 sentyabrda Azərbaycanın antiterror tədbirləri, köçkünlərin geri qayıdışı, mina təhlükəsi və digər mövzular da görüşdə müzakirə edilib:

“Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması üçün tarixi fürsət yaranıb və bununla bağlı Hakan Fidanla aramızda tam fikir birliyi var. Mən danışıqlarda Azərbaycan tərəfinin baxışını, Ermənistandan alınan növbəti şərhlər barədə məlumat verdim. Yaxın vaxtlarda Azərbaycanın bununla bağlı mövqeyi təqdim olunacaq”.

XİN başçısı qeyd edib ki, Azərbaycan və Türkiyə hesab edir ki, qonşular arasında sülh, normal qonşuluq bərpa olunmalıdır:

“Bu sahədə Türkiyə ilə mövqeyimiz eynidir. Gözləntimiz ondan ibarətdir ki, Ermənistan tərəfi də eyni yanaşma ilə addımlar atacaq. Belə olacağı təqdirdə müsbət nəticələr əldə etmək çox real görünür”.

Ceyhun Bayramov nəzərə çatdırıb ki, bu gün aparılan müzakirələr Azərbaycanla Türkiyə arasında münasibətlərin daha da inkişaf etdirilməsinə xidmət edəcək.