Bir müddətdir İsveçdə keçirilən “Quran”ın yandırılması aksiyaları beynəlxalq aləmin diqqət mərkəzindədir.

İyunun 28-də Stokholmun mərkəzində 37 yaşlı iraqlı miqrant Salvan Momika "Quran"ın nüsxəsini yandırmaqla növbəti dəfə dünya müsəlmanlarını qəzəbləndirdi. Bundan əvvəl isə Türkiyənin İsveçin paytaxtındakı səfirliyi qarşısında sağçı ekstremist “Hard Course” partiyasının lideri, ifrat sağçı Danimarka-İsveç siyasətçisi Rasmus Paludan tərəfindən “Quran”ın açıq şəkildə yandırılması aksiyası keçirilib. Paludan çıxışında NATO və Türkiyəni tənqid edib. İsveç polisinin bu aksiyalara müdaxilə etməməsi də tənqid olunur. İsveç hökuməti bunu ifadə azadlığı kimi qiymətləndirərək müdaxilə edilmədiyini bildirir.

Xatırladaq ki, İsveçdən sonra Danimarkanın paytaxtı Kopenhagendə, İraq səfirliyi qarşısında da etiraz aksiyası keçirən iki etirazçı "Quran"ı yandırıb. 

Bəs görəsən, müsəlmanlara qarşı sərgilənən bu cür aksiyalar hansı nəticələrə səbəb ola bilər?

 

Mövzu ilə bağlı Siyasi və Hüquqi Araşdırmalar Mərkəzinin rəhbəri Xəyal Bəşirov İqtisadiyyat.az-a açıqlamasında bildirib ki, Avropa ölkələri müsəlman dünyasının inkişafından və öz dəyərlərinə sahib çıxmasından qıcıqlanır:

"Bəzi hallarda bir sıra Avropa ölkələrində İslamofobiyanın şahidi oluruq. Təəssüf ki, bu İslamofobiya ayrı-ayrı qruplar və ya insanlar səviyyəsində deyil. Bəzi məqamlarda bu proses dövlət səviyyəsində təzahür edir. İslamofobiya, Türkiyəfobiya və o cümlədən, Azərbaycanafobiyadan ən çox əziyyət çəkən ölkələrindən biri Fransadır. Fransanın bu siyasəti İsveç və Danimarkaya təsirsiz ötüşmür. Fransada qondarma erməni soyqırımını qəbul etməyən şəxslər belə məsuliyyətə cəlb olunur. Belə olan halda İslama qarşı atılan təhqiredici davranışlara susmaq Fransanın dövlət siyasətidir. Quranın yandırılması İsveç və Danimarka xalqına müsbət heç nə vermir. Bu, sadəcə müsəlman dünyasını təhqir etməkdir. İslam dininin sözügedən dövlətlərdə radikal qrupların hədəfinə tuş gəlməsi etinasızlıqdan yaranıb. Müsəlman dünyasına aid olan ölkələr həmin dövlətlərlə münasibətlərinə yenidən baxmalıdır. Bu mərhələdə sərt reaksiya özünü göstərməlidir. Özünü dünyanın mədəni və siyasi beyin mərkəzi hesab edən Avropada bu cür addımların atılmasına şərait yaradılması iddia olunan inkişafdan, insan hüquq və azadlıqlarına hörmət edilməsindən əsər olmadığını göstərir. Avropa hələ də İslama və müsəlman dünyasına qısqanclıqla yanaşır. Avropa ölkələri müsəlman dövlətlərinin inkişafını həzm edə bilmir. İslam dünyasında hansısa dini kitaba qarşı hörmətsizliyə rast gəlinməyib. Əgər cəhdlər olarsa, həmin dövlətlərə qarşı müvafiq addımlar atılıb". 

 

 

İlahiyyatçı Samir Əzizova görə, müsəlmanların dini inancını aşağılayan dövlətlərə və şəxslərə qarşı ciddi addımların atılması vacibdir:

"Bu gün dünyada tolerantlıq, plüralizm nəzəriyyələri kimi bir çox konsepsiyaların qəbul edilməsi ilə bərabər bu cür islamafob, təhqiramiz mövqenin sərgilənməsi çox təəssüfedici haldır. Bu istənilən din və etiqad mənsublarına və müqəddəsatına edilirsə, hörmətsizlik kimi qəbul edilməlidir. İslam təşkilatları və müsəlman dövlətlər hər nə qədər mövqe sərgiləsələr də, problem qalmaqda davam edir. Fikrimcə, dövlətlər öz ölkəsində baş verən bu neqativ halların aradan qaldırılması üçün çalışmalıdır. Bəzən bu cür addımların arxasında dövlətlərin siyasi maraqları da durur. Onlar hansısa siyasi maraqlarının gərəyi olaraq həmin siyasət mənsubunun dinini və əqidəsini təhqir etməklə, bu cür ucuz yollara əl atırlar. Düşünürəm ki, sözügedən məsələlər beynəlxalq hüquq müstəvisində həll olunmalı, müsəlmanların dini heysiyyətinə toxunan məsələlərin qarşısı alınmalıdır".

 

 

Məsələyə hüquqi tərəfdən yanaşan hüquqşünas Mübariz Yolçuyev isə vurğulayıb ki, beynəlxalq sənədlərin tətbiqinə ciddi riayət olunmaması müsəlman və xristian dövlətləri arasında gərginliklərin yaranmasına yol açır:

"Sözügedən problem beynəlxalq hüquqla bağlı bir məsələdir. Məlumdur ki, insan hüquqlarına dair beynəlxalq sənədlər var. Buna Avropa İnsan Hüquqları Konvensiyası və Ümumdünya İnsan Hüquqları Bəyannaməsini misal çəkmək olar. Bu sənədlərdə insanların din və vicdan azadlığının qorunması ilə bağlı müddəalar var. Eyni zamanda insan hüquqlarının təhqir olunmasının qadağan olunması ilə bağlı maddə var. Həmin sənədlərdə təkcə müsəlmanların deyil, bütün insanların din və vicdan azadlığının qorunmasına yer verilib. Sadəcə beynəxalq sənədlərin düzgün tətbiqinə ehtiyac var. Bəzi ölkələr bu cür məsələlərdə həssaslıq nümayiş etdirmirlər. Ona görə də məlum problemlər yaşanır. Halbuki gərginliyə şərait yaradan şəxslər məsuliyyətə cəlb olunmalıdır". 

Gülşən Şərif