Avropa şirkətlərində işçi ixtisarları hələ də davam edir. 

İqtisadiyyat.az dünya mediasına istinadən bildirir ki, Avropada son illərin ən yüksək inflyasiyasının yaşanması və Rusiya-Ukrayna müharibəsinin iqtisadi təsirləri şirkətlərin məşğulluq səviyyəsini azaltmaqdadır. Belə ki, inflyasiyaya qarşı artan faiz dərəcələri şirkətlərin investisiya üçün kredit xərclərini artırır. Bu vəziyyət isə işçi ixtisarlarına səbəb olur.  Bu ilin əvvəlindən xüsusən də texnologiya, bank və avtomobil sektorlarında işçi ixtisarları daha çox müşahidə olunur. 

Beynəlxalq şirkətlərin işçi ixtisarları ilə bağlı son vəziyyətini təqdim edirik:

Ötən həftə Böyük Britaniyada yerləşən "Vodafone" telekommunikasiya şirkəti xərcləri azaltmaq üçün qarşıdakı 3 il ərzində 11 min iş yerini ixtisar edəcəyini açıqlayıb. "Vodafone"un dünya üzrə təxminən 104.000 işçisi var. Dünyanın bir çox ölkələrində filialı olan şirkətin işçi ixtisarından ən çox təsirlənən ölkələrin Almaniya, Böyük Britaniya və İtaliya olacağı proqnozlaşdırılır. Britaniya telekommunikasiya nəhənginin ümumi məşğulluğunun 2030-cu ilə qədər indiki 130 000 səviyyəsindən 90 000-ə düşəcəyi gözlənilir. Bu azalma şirkətin ümumi işçi qüvvəsinin 40 faizindən çoxunu ixtisar etməsi deməkdir.

"Telekom Italia" şirkəti könüllü erkən pensiya proqramı vasitəsilə İtaliyada 2000 işçini ixtisar etməyi planlaşdırır.

İsveçrənin kompüter aksesuarları istehsalçısı olan "Logitech" bu ilin mart ayında 300 nəfəri işdən çıxarıb.

Finlandiyanın telekommunikasiya avadanlığı istehsalçısı olan "Nokia" bu il 208 işçini ixtisar edib.

İrlandiya-ABŞ ortaq informasiya texnologiyaları şirkəti olan "Accenture" amrt ayında 19 min nəfəri işindən azad edib. 

Alman proqram təminatı şirkəti olan "SAP" bulud biznesi ilə bağlı hədəfinə görə qlobal işçi qüvvəsinin 2,5 faizini təşkil edən 3000 iş yerini bağlayıb. 

Hollandiyada yerləşən "Philips" şirkəti yanvar ayında havalandırma cihazlarının kütləvi şəkildə geri çağırılmasından sonra azalan satışları kompensasiya etmək üçün 6000 iş yerini ixtisar edib.

"Vauxhall", "Peugeot", "Citroen", "Fiat", "DS", "Jeep", "Alfa Romeo", "Maserati", "Abarth" və "Fiat Professional" markalarının daxil olduğu avtomobil istehsalçısı olan "Stellantis" şirkəti 2000 işçini ixtisar etdib. 

Baş ofisi İngiltərədə yerləşən onlayn yemək və çatdırılma şirkəti olan "Just Eat"  1700 kuryer və 170 ofis işçisi daxil olmaqla, 1870 işçisi ilə yollarını ayırıb. 

İsveçin "Volvo Cars", şirkəti 1600 nəfəri, İtalyan avtomobil hissələri istehsalçısı olan "Marelli" 400 nəfəri,  Britaniyanın elektrikli avtomobil istehsalçısı olan "Arrival" xərclərini azaltmaq üçün 800 nəfəri işdən çıxarıb. 

Qlobal iqtisadiyyatda vəziyyətin getdikcə ağırlaşması bəzi şirkətlərin hədəflərini də dəyişib. Belə ki, əksər şirkətlər yaxın gələcəkdə də işçi ixtisarlarının davam edəcəyini proqnozlaşdırıblar. 

Dünyanın aparıcı təhlükəsizlik kəmərləri və təhlükəsizlik yastıqları istehsalçısı olan İsveçdə yerləşən "Autoliv" artan xərclər səbəbindən 2025-ci ilə qədər Avropada bir çox fabrikləri bağlamaq və təxminən 8000 işçini işdən çıxarmaq qərarına gəlib. 

Alman avtomobil və sənaye təchizatçısı olan "Schaeffler" yenidən strukturlaşma prosesi ilə əlaqədar 2026-cı ilə qədər daha 1300 nəfərin işdən çıxarılacağını açıqlayıb. 

İsveç telekommunikasiya avadanlığı istehsalçısı olan "Ericsson" xərcləri azaltmaq planının bir hissəsi olaraq dünya üzrə 8500 işçini ixtisar edəcəyini açıqlayıb. 

Britaniyanın qida tədarükü şirkəti olan "Deliveroo" işçi qüvvəsinin 9%-ni təşkil edən 350 iş yerini  bağlayacaq. 

Alman eynək pərakəndə satış şirkəti olan "Fielmann" 2025-ci ilə qədər yüzlərlə işçini, Britaniyanın kibertəhlükəsizlik şirkəti olan "Sophos" 450 nəfəri, Britaniyanın "Wilko" pərakəndə şəbəkəsi 400 nəfəri, Finlandiyanın kağız və qablaşdırma istehsalçısı olan "Stora Enso", Avropadakı dörd zavodunu bağlamağı və 1150 işçini ixtisar etməyi planlaşdırır.

İspaniyanın əczaçılıq şirkəti "Grifols" isə hər il təxminən 400 milyon avroya qənaət etməyi hədəfləyən strategiyaya yenidən baxılması çərçivəsində 2300 işçini işdən çıxarmaq qərarına gəlib.

Almaniyanın ən böyük bankı olan "Deutsche Bank" da bir neçə il ərzində xərcləri 500 milyon avro azaltmaq məqsədilə 800 işçini ixtisar edəcəyini açıqlayıb. 

Ümumilikdə Avropa avtomobil şirkətlərinin açıqladığı qərara görə, sektorda ixtisarlar 15.400 nəfəri keçəcək.

Gülşən