Naxçıvanda yerləşən "APF Tikinti" şirkətini 25 min manatadək cərimə gözləyir.

İqtisadiyyat.az xəbər verir ki, buna səbəb şirkətin şəhərsalma və tikinti fəaliyyəti sahəsində qanunvericiliyin tələblərindən birini pozmasıdır.

Belə ki, inşaat şirkətinə qarşı İnzibati Xətalar Məcəlləsinin 394.0.7-ci maddəsinə əsasən cərimə protokolu tərtib edilib.

Daha sonra protokol baxılması üçün Naxçıvan Şəhər Məhkəməsinə göndərilib və iş hakim Gülnar Səfərəliyevanın icraatına verilib.

Şirkətin barəsində protokol tərtib olunan maddədə deyilir ki, tikintiyə dövlət nəzarəti çərçivəsində tikinti işləri ilə bağlı müvafiq icra hakimiyyəti orqanının Şəhərsalma və Tikinti Məcəlləsi ilə müəyyən edilmiş yazılı göstərişlərinə və tikinti işlərinin dayandırılması ilə bağlı qərarlarına, habelə tikintisinə icazə tələb olunan açıq məkanda reklam qurğularının tikintisi işləri ilə bağlı müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun həmin Məcəllə ilə müəyyən edilmiş yazılı göstərişlərinə və qərarlarına əməl etməməyə görə fiziki şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər on beş min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir.

Qeyd edək ki, "APF Tikinti" MMC 2020-ci ildə yaradılıb. "APF" şirkətlər qrupunun tabeliyində fəaliyyət göstərən MMC-nin nizamnamə kapitalı 8 100 000 manatdır. Qanuni təmsilçisi isə Zamir Adil oğlu Məmmədovdur.