Almaniya Rusiyanı Ukrayna ilə taxıl dəhlizi müqaviləsini uzatmağa çağırıb.

İqtisadiyyat.az xəbər verir ki, Almaniya hökumət sözçüsü Kristian Hoffmann Berlində verdiyi açıqlamada Rusiyanın taxıl dəhlizi razılaşmasını uzatmasını və mövcud münaqişəni yoxsul insanların hesabına öz xeyrinə dəyişdirmək kimi planlar qurmamasını istədiklərini bildirib.

Hoffmann vurğulayıb ki, bu cür razılaşmalar qısamüddətli dövrlə məhdudlaşmamalı və Ukraynaya uzunmüddətli perspektivdə taxıl ixracına icazə verilməlidir.

Almaniyanın Ərzaq və Kənd Təsərrüfatı Naziri Cem Özdemir isə deyib: "Aclığın silah kimi istifadəsinə son qoyulmalıdır".

Fermerlər Birliyi, müqavilənin dayandırılmasından sonra hələlik Almaniya və Avropa bazarlarında heç bir qıtlıq görmədiklərini açıqlayıb.

Alman mediasına danışan Birlik rəsmisi Udo Hemmerlinq deyib: "Taxıllarda, yağlı toxumlarda və gübrələrdə ixrac uzun müddətə kəsilərsə, qlobal aqrobiznesdə qiymət artımları ola bilər, lakin biz Mərkəzi Avropada hər hansı qıtlıq gözləmirik".