Almaniya prezidenti Frank-Valter Ştaynmayer Fələstin-İsrail münaqişəsinin qızışmasından sonra yəhudi qurumlarına qarşı qeydə alınan terror təhdidləri fonunda Berlindəki sinaqoqu ziyarət edib.

İqtisadiyyat.az xəbər verir ki, Ştaynmayer Berlinin Kreuzberg rayonunda sinaqoqda yəhudi icmasının üzvləri ilə görüşüb. 

"Bu gün bütün dünyada və burada Almaniyada yəhudilər üçün qorxu günüdür. Ona görə də bu gün mənim yerim sizin yanınızdır. Mən bütün xalqımız adından deyə bilərəm ki, təhlükədə olan soydaşlarımızın, həmçinin Almaniyanın bütün yəhudilərinin tərəfindəyəm", - deyə Almaniya Prezidenti qeyd edib.

"Biz Almaniyada yəhudi institutlarının müdafiəsini gücləndiririk və küçələrimizdə terrora haqq qazandıranları məsuliyyətə cəlb edirik", - prezident vurğulayıb. 

O, Almaniyada Həmas və onun gizli təşkilatlarına qarşı mübarizənin də gücləndiriləcəyini vəd edib.

Bundan əvvəl "Tagesspiegel" qəzeti bildirmişdi ki, Berlində bir neçə yəhudi məktəbi oktyabrın 13-də HƏMAS yaraqlılarının yəhudilərə qarşı hücumlara çağırmasından sonra dərsləri ləğv edib. Bəzi yəhudi məktəblərində şagirdlər təhlükəsizliklərindən qorxaraq dərsə gəlməyiblər. Cümə günü polis Berlinin Neukölln rayonunda da xüsusi əməliyyat keçirib və bu əməliyyat zamanı 3 nəfər saxlanılıb. 

DPA agentliyinin məlumatına görə , oraya 150-yə yaxın adam toplaşıb, onlardan bəzilərinin üzərində Fələstin bayraqları və ya simvolları olub. Fişənglərin partladıldığı və şüşələrin atıldığı barədə məlumatlar var.