Almaniya özünün ilk Milli Təhlükəsizlik Strategiyasını elan edib və sənəddə Rusiyanı Avropa üçün ən böyük təhlükə adlandırıb.

İqtisadiyyat.az xəbər verir ki, sənəd Rusiyanın Ukraynaya təcavüzündən sonra bir il yarım ərzində iqtisadi maraqlardan daha çox təhlükəsizliyin prioritetləşdirilməsinə yönəlmiş Berlinin xarici siyasətinin icmalını təqdim edir.

“Bu, bizim Almaniyada təhlükəsizlik siyasəti ilə bağlı yanaşmamızda yalnız hərbi strategiya deyil, inteqrasiya olunmuş təhlükəsizlik konsepsiyasına doğru irəlilədiyimizi göstərən əsas dəyişiklikdir”, - Kansler Olaf Şolts sənədin təqdimatında bildirib.

Strategiyanı əks etdirən 76 səhifəlik sənəddə iqlim dəyişikliyinin yaratdığı təhlükəsizlik təhdidləri də daxildir. Bunların sırasında dünyada artan aclıq, xəstəlik və münaqişə riski, habelə ekstremal hava hadisələri və təbii fəlakətlər və Almaniyada kritik infrastrukturun zədələnməsi qeyd olunur.

Sənəd Berlinin ümumi yanaşmasını ortaya qoyur, lakin xarici siyasətin təfərrüatları xüsusi qeyd olunmur. Rəsmilər sonrakı mərhələdə daha konkret strategiyalar hazırlamağı planlaşdırırlar:

“İndiki Rusiya yaxın gələcəkdə Avro-Atlantik məkanda sülh və təhlükəsizliyə ən böyük təhdiddir. Biz çoxqütblülüyün artdığı bir dövrdə yaşayırıq və bəzi ölkələr mövcud olan nizamı sistematik rəqabət baxışına görə yenidən formalaşdırmağa çalışır”.

Strategiyada verilən bir neçə xüsusi vəddən biri hərbi hazırlığın yüksəldilməsinə aiddir.

Almaniyanın enerji baxımından Rusiyadan həddən artıq asılı olması keçən il enerji böhranına səbəb olduqdan sonra əmtəə üzrə digər ölkələrdən asılılığın azaldılması və şirkətlərin strateji ehtiyatlara sahib olması üçün stimullaşdırılması da Milli Təhlükəsizlik Strategiyasında öz əksini tapıb.

Sənəddə həmçinin Çinə "tərəfdaş, rəqib və sistematik rəqib" kimi baxıldığı və Berlinin "son illərdə Çinin rəqabət elementlərinin artdığını müşahidə etdiyi, eyni zamanda, bu ölkənin bir çox ölkələrin tərəfdaşı olaraq qaldığı" qeyd edilib.

Almaniya hökuməti Çinlə bağlı konkret strategiya hazırlayır.