Avropa İttifaqı (Aİ) Rusiyaya qarşı sanksiya siyahısına 12 Rusiya vətəndaşı və 5 hüquqi şəxsi əlavə edib. 

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Avropa İttifaqı Şurasının müvafiq qərarı Aİ-nin rəsmi jurnalında dərc olunub.

Siyahıya Moskva şəhərinin vitse-meri Nataliya Serqunina, Moskva Şəhər Daxili İşlər Baş İdarəsinin rəisi Oleq Baranov və Moskva hökumətinin naziri, Moskva şəhərinin İnformasiya Texnologiyaları Departamentinin rəhbəri Eduard Lısenko daxildir.

Həmçinin penitensiar sistemin doqquz əməkdaşı, xüsusən də müxalifət lideri Aleksey Navalnının cəza çəkdiyi İK-6 Melexovo cəzaçəkmə müəssisəsinin bütün rəhbərliyi daxildir.

Bundan əlavə, siyahıya beş hüquqi şəxs, o cümlədən Moskva Şəhər Daxili İşlər Baş İdarəsi, Moskva şəhərinin İnformasiya Texnologiyaları Departamenti, həmçinin üç texnologiya şirkəti – “Elektron Moskva” ASC, NTechLab və Video Analiz Texnologiyaları MMC (Tevian) daxildir. Bu firmalar elektron üz tanıma texnologiyalarının istehsalı ilə məşğuldurlar.

Sənəddə deyilir: "Birlik Rusiyada insan haqları ilə bağlı vəziyyətin pisləşməsindən narahatdır. Bu kontekstdə on iki şəxs və beş qurum məhdudlaşdırıcı tədbirlərə məruz qalan fiziki və hüquqi şəxslər, qurumlar siyahısına daxil edilmişdir. Aİ Şurası həmçinin Rusiyanı siyasi motivli ittihamlarla həbs olunanların hamısını dərhal və qeyd-şərtsiz azad etməyə çağırır".