Avropa İttifaqı (Aİ) Ukrayna taxılının beynəlxalq bazarlara daşınmasını nəzərdə tutan Qara Dəniz Taxıl Təşəbbüsünün müddətinin uzadılmasına çağırıb.

İqtisadiyyat.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Aİ Komissiyasının sözçülərindən biri Piter Stano mətbuat konfransında bildirib.

Stano deyib: "Bu təşəbbüsün bütün tərəflərini razılaşmanı uzatmağa çağırırıq. Türkiyə və Birləşmiş Millətlər Təşkilatının liderlik etdiyi danışıqları bir zərurət olaraq görürük".

Stano Rusiyanın Ukraynadakı döyüş imkanlarının mümkün qədər qarşısını almağa davam edəcəklərini və razılaşmanın davam etməsi üçün bütün həll yolları axtarışına açıq olduqlarını dilə gətirib.