Avropa İttifaqı (Aİ) onun üzvləri olan Polşa, Macarıstan, Rumıniya, Slovakiya və Bolqarıstana Ukraynadan taxıl məhsullarının idxalını qadağan edən qərarın bu gün başa çatacağını açıqlayıb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Avropa İttifaqı Komissiyası bəyanat yayıb.

Bəyanatda xatırladılıb ki, Ukraynanın Aİ-yə taxıl və digər ərzaq məhsulları ixracına tətbiq edilən məhdudlaşdırıcı tədbirlər bu gün başa çatacaq.

Açıqlamada bildirilib ki, Komissiya Ukraynadan 4 kateqoriya üzrə kənd təsərrüfatı məhsullarının ixracının Aİ bazarına təsiri ilə bağlı məlumatları təhlil edib və araşdırmalar nəticəsində may ayında həyata keçirilən müvəqqəti tədbirlərin 5 üzv ölkədə bazara mənfi təsirlərini aradan qaldırdığı bəlli olub.

Açıqlamada qeyd olunub ki, görülən tədbirlər Ukrayna taxılının Aİ-dən kənar ölkələrə ixracını artırıb.

Qeyd edək ki, Polşa və Macarıstan Ukrayna taxılına qoyulan məhdudiyyətin uzadılmasını istəyirdilər.