Aİ-nin 27 ölkəsinin xarici işlər nazirləri iyunun 26-da Lüksemburqda keçirilməsi planlaşdırılan iclasda İrana qarşı doqquzuncu sanksiyalar paketini təsdiq edəcəklər.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Brüsseldə jurnalistlərə Aİ-nin yüksək vəzifəli nümayəndəsi məlumat verib. Brüssel hesab edir ki, İran hökməti insan haqlarının pozulmasına görə məsuliyyət daşıyır.

“İrana qarşı doqquzuncu sanksiyalar paketi təsdiqlənəcək", - nümayəndə deyib. Eyni zamanda diplomat bir daha vurğulayıb ki, Avropa İttifaqının Tehrana qarşı mütəmadi sanksiyalar tətbiq etməsinə baxmayaraq, Brüssel hələ də İranın nüvə proqramı ilə bağlı razılığa gələcəyinə ümid edir.

Avropa İttifaqı daha əvvəl bu ölkədə insan haqlarını pozduğuna görə İrana qarşı səkkiz sanksiya paketi tətbiq edib.

Məhdudiyyətlərə Avropa aktivlərinin dondurulması, Avropa İttifaqına girişin qadağan edilməsi
və Avropa şirkətlərinə qara siyahıda olanlarla hər hansı biznes əlaqəsinə qadağa qoyulması daxildir.