ABŞ prezidenti Co Baydenin administrasiyası Rusiyanı cilovlamaq üçün 2025-ci büdcə ili üçün 1,5 milyard dollar büdcə ayrılmasını nəzərdə tutub. 

İqtisadiyyat.az xəbər verir ki, artıq 2025-ci ilin büdcə layihəsi Ağ Ev tərəfindən açıqlanıb və baxılmaq üçün Konqresə göndərilib.

Qeyd olunur ki, büdcə administrasiyanın 2023-cü ilin oktyabr ayından əlavə müraciəti əsasında hazırlanıb və Rusiyanın Avropa, Avrasiya və Mərkəzi Asiyadakı təcavüzünə qarşı mübarizədə təxminən 1,5 milyard dollar nəzərdə tutur. Bu məbləğə regionda Amerika avadanlıqlarının alınması üçün 300 milyon dollardan çox və Ukraynanın Rusiyaya qarşı mübarizəsi üçün 482 milyon dollar daxildir.

Bundan əlavə, büdcə təklifi dünyada strateji əks-Çin imkanlarını dəstəkləmək üçün Çinə qarşı təsir fondu yaratmaq məqsədilə 400 milyon dollar və Amerikanın Hind-Sakit okean regionunda milli təhlükəsizlik öhdəliklərini təsdiqləmək üçün 241 milyon dollar hərbi yardımı əhatə edir. 

Bayden administrasiyası həmçinin 2025-ci büdcə ilində Rusiyanın Afrikadakı bədxah fəaliyyətlərinə qarşı mübarizə aparmaq məqsədilə yeni fond üçün 25 milyon dollar ayırmağı planlayır.