“Azərbaycan Beynəlxalq Bankı”nın (ABB) Rusiyada törəmə bankı “ABB-Moskva” MMC-nin 2023-cü il üzrə bəzi maliyyə göstəriciləri məlum olub. 

İqtisadiyyat.az xəbər verir ki, 31 dekabr 2023-cü il tarixinə qrupdaxili silinmələrdən əvvəl “ABB-Moskva” MMC-nin cəmi aktivləri 437,6 milyon təşkil edib.

Bu da 2022-ci ilə nisbətən 28% çoxdur. 2022-ci ildə bankın aktivləri 342,8 milyon AZN təşkil edib. Ötən il üzrə törəmə bankın cəmi öhdəlikləri isə 57% artaraq 279,1 milyon AZN-ə bərabər olub. Əvvəlki il üzrə bu rəqəm 178,4 milyon AZN təşkil edib. 

ABB-nin 2023-cü ildə törəmə bankdakı müxbir hesabı üzrə məbləğləri kəskin azalıb. 

Belə ki, ötən il üzrə ABB-nin “ABB-Moskva”da 19,08 milyon AZN məbləğində müxbir hesabı olub ki, bu da əvvəlki ilə nisbətən 68% və ya 13,4 milyon manat azdır. 31 dekabr 2022-ci il tarixinə bankın müxbir hesabındakı məbləğ 32,47 milyon AZN təşkil edib. 

“ABB-Moskva”nın  ABB-də  isə 37,2 milyon manat  məbləğində müxbir hesabı olub ki, bu da 2022-ci ilə nisbətən 1,7% azalıb.  

Qeyd edilib ki, hesabat tarixində və bu maliyyə hesabatlarının buraxıldığı tarixdə qeyd edilən müxbir hesab və depozitlərdən istifadə (vəsaitin konvertasiyası və çıxarılması da daxil olmaqla) ilə bağlı heç bir məhdudiyyət qoyulmayıb. ABŞ və Aİ-nin Rusiyanın ən iri şirkətlərinə qarşı tətbiq etdikləri sanksiyalar, eləcə də müharibənin iqtisadi və əməliyyat fəaliyyətlərinə təsiri əvvəlki il ərzində Moskva Fond Birjasının ticarət fəaliyyətində əhəmiyyətli pozuntularla nəticələnib. Bununla belə, 2023-cü il ərzində ticarət aktivliyi 2022-ci il ilə müqayisədə əhəmiyyətli dərəcədə yüksəlib.

Münaqişə hələ də davam etdiyi üçün onun ABB və törəmə bankının işgüzar fəaliyyətinə təsirini etibarlı şəkildə qiymətləndirmək mümkün deyil, çünki iqtisadiyyata ümumi təsirin miqyası qeyri-müəyyəndir. 

31 dekabr 2023-cü il tarixinə Qrup münaqişənin gözlənilən kredit zərərinə və investisiya qiymətli kağızlarının ədalətli dəyərinə təsirinə dair ən yaxşı təxminləri istifadə edilib.