“Azərbaycanda uşaq pulu bərpa edilməlidir. Bu, minimum 6 yaşadək uşaqlara aid olmalıdır” bunu deputat Fazil Mustafa deyib. Onun sözlərinə görə, bu, çox vacibdir: “Belə olan halda sıxıntılar aradan qaldırılar, müəyyən ailələr bundan yararlanar. Nəzarət etmək lazımdır ki, bu maliyyə uşağa xərclənsin”.

Bəs bu təklif necə qiymətləndirilir? İqtisadi tərəfdən bunu necə həll etmək olar?

Məsələ ilə bağlı Azadinform-a danışan iqtisadçı alim Vüqar Bayramov qeyd edib ki, İqtisadi və Sosial İnkişaf Mərkəzi (CESD) bir müddət öncə uşaq pulunun bərpa edilməsi ilə bağlı Azərbaycan hökumətinə öz təkliflərini təqdim edib: “Biz 6 yaşa qədər deyil, 17 yaşadək uşaq pulunun verilməsini təklif edirik. Hazırladığımız və hökumətə təqdim etdiyimiz mexanizmdə uşaq pulunun verilməsi 3 yaş qrupu üzrə bölünüb, qruplaşdırılır. Bunlardan 3 yaşadək, 3 yaşdan 7 yaşadək və 7 yaşdan 17 yaşadək olan uşaqlara uşaq pulunun verilməsi nəzərdə tutulur. Qiymətləndirmələr göstərir ki, mövcud maliyyə imkanlarını nəzərə alsaq, bizim hazırladığımız mexanizmə görə, dövlət büdcəsinin xərcləri təxminən 6.5 faizini bu istiqamətə yönəltməklə uşaq pulunun bərpası mümkündür. Həmçinin, fərqli ölkələrdə, o cümlədən Avropa və MDB ölkələrində digər ABŞ, Kanada, Avstraliya kimi inkişaf etmiş ölkələrdə uşaq pulunun verilməsi mexanizmini araşdırmışıq. Əksər inkişaf etmiş ölkələrdə uşaq pulu verilir, bununla bağlı fərqli mexanizmlər var. O cümlədən uşaqların sayına, ailənin gəlirinə uyğun olaraq uşaq pulunun müəyyənləşdirilməsi kimi mexanizmlər inkişaf etmiş ölkələrdə tətbiq olunur”. V. Bayramov əlavə edib ki, ailədə hər bir uşağa dövlət tərəfindən uşaq pulunun verilməsinin tərəfdarıyıq: “Güman edirik ki, Azərbaycanın mövcud imkanları, xüsusən də 2019-cu ildə büdcə xərclərimiz 24 milyard manatdan çox olacağını nəzərə alaraq bütün bunlar imkan verir ki, Azərbaycan uşaq pulunu bərpa edə bilsin. 3 qrup üzrə təklif etdiyimiz uşaq pulu ilə bağlı qiymətləndirməmiz Azərbaycan hökumətinə təqdim etmişik. Və ümid edirik ki, Azərbaycan hökuməti tərəfindən bizim hazırladığımız mexanizm müsbət dəyərləndiriləcək. Əgər hazırladığımız mexanizm qəbul olarsa, o zaman 6 yaşadək deyil, 17 yaşa qədər uşaq pulunun verilməsi mümkündür”.