İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakıda 3 minə yaxın aksiz markasız tütün məmulatı aşkar edib.

Bu barədə İqtisadiyyat.az-a qurumdan bildirilib.

Məlumata görə, Dövlət Vergi Xidməti sahibkarlıq subyektlərinin fəaliyyətinə, o cümlədən aksiz markası ilə markalanmalı malların dövriyyəsinə nəzarət tədbirlərini davam etdirir. Avqustun 22-də qurumun Bakı şəhəri Kiçik Sahibkarlıqla İş üzrə Baş İdarəsinin keçirdiyi nəzarət tədbirləri zamanı paytaxtın Yasamal rayonunda, Abbas Mirzə Şərifzadə küçəsi, 124B ünvanında yerləşən köşkdə və su satışı ilə məşğul olan Mahmudov Elçin Qüdrət oğluna məxsus obyektdə aksiz markası ilə markalanmalı olan, lakin markalanmamış tütün məmulatlarının qanunsuz satışı və dövriyyəsi faktı aşkarlanıb.

Araşdırma zamanı həmin obyektdə sahibkar E.Mahmudovun qanunsuz yolla əldə etdiyi, aksiz markası ilə markalanmalı, lakin bu markasız tütün məmulatlarının satışının həyata keçirildiyi müəyyən edilib. Aparılan operativ vergi nəzarəti tədbiri zamanı obyektdə 2 816 sayda belə tütün məmulatı aşkarlanıb. Aşkarlanmış mallar protokollaşdırılıb, materiallar isə araşdırılması üçün aidiyyəti üzrə istintaq orqanına göndərilib.

"Aksiz markası olmadan və ya saxta aksiz markası ilə markalanmış məhsulların satışı, istehlak bazarına qeyri-qanuni istehsal olunmuş məhsulların çıxarılması qanunvericiliklə qadağandır və vergi orqanları tərəfindən belə halların qarşısının alınması istiqamətində tədbirlər davam etdiriləcək. Aksiz markalarının tətbiqi aksizli malların idxalı, istehsalı, satışı və dövriyyəsinə vergi nəzarətinin həyata keçirilməsi məqsədi daşıyır" - deyə Dövlət Vergi Xidməti bəyan edib.